Cibgirliklə məşğul olan iki bacı tutuldu – BAKIDA ƏMƏLİYYAT

# 12:04
16 may 2021

Bakıda ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıb. Onların ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

 

Qeyd edək ki, hər iki bacı ifadələrində cibgirlik edən zaman kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiklərini bildiriblər. Onların törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan  yayınmaları  müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Həyata keçirilən digər əməliyyat zamanı avtobuslarda cibgirliklə məşğul olan daha bir keçmiş məhkum, Sumqayıt şəhər sakini Yaşar Məmmədli tutulub.

 

Əldə edilən kamera görüntülərindən və bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, hər gün Sumqayıtdan Bakıya gələrək paytaxt ərazisində avtobuslarda cibgirliklər edib.

 

Qeyd edək ki, saxlanılan zaman Yaşar Məmmədlinin üzərindən heroin və cibgirlik edən zaman əldə etdiyi bank kartlarından bəziləri aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR