Danışıqlarda Ukraynanın Rusiyaya nə təklif etdiyi məlum olub
Kiyevlə danışıqlar ağır, ləng gedir, amma Rusiya səmimi şəkildə sülhə tezliklə çatmağa çalışır.
APA TV xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri kimi danışıqlarda iştirak edən, Prezidentin köməkçisi Vladimir Medinski açıqlama verib.
Medinski həlli çətin olan bir çox məsələlərdən kompromis əldə ediləcək məqamların üzə çıxarılmasını, onların əsasında sülh sazişinə doğru irəliləməli olduqlarını qeyd edib.
Onun sözlərinə görə, Kiyev danışıqlarda Ukraynada öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası - Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı, öz ordusu və dəniz qüvvələrinə malik olmağı təklif edir. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, - deyə Medinski qeyd edib.