Direktoru olduğu şirkətdə fəhlə işlədi, ölümünü imitasiya etdi - TƏFƏRRÜATLAR

# 14:52
6 iyun 2022

Özünü ölmüş kimi qələmə verən şirkət rəhbəri gördüyünüz bu qəbirdə dırnaqarası dəfn olunub, qohumları isə onu ölmüş bilib yas da saxlayıblar. Amma sən demə həmin şəxs hüquq-mühafizə orqanlarından yayınmaq üçün özünü avtomobilində yandıraraq ölümünü saxtalaşdırıb.”

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəniyevin öz ölümünü imitasiya etməsinin səbəbi direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmaların aparılması olub. Rafət Qəniyev isə bu araşdırmalardan xilas olmaq üçün avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırıb və özünü ölmüş kimi qələmə verib.

 

Qəniyevin yanan maşınından çıxan sümük qalıqları Salyan rayonunun Sarvan kənd qəbiristanlığında  Rafət Qəniyevin həyatdan köçmüş qohumlarının qəbirləri ətrafında “dəfn” edilir. Yalançı dəfn mərasimində Rafətin qardaşı Elnur Qəniyev, kənd məsçidinin axundu Həbib Abdullayev və digər şəxslər iştirak edirlər. Pandemiya qadağaları olduğundan dəfn mərasimi məhdud insanların iştirakı ilə keçirilir.

 

İstintaq dövründə Rafət Rafik oğlu Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması şübhəli hal kimi qeydə alınıb. Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb. Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Rafət Qəniyevin qardaşı Elnur Qəniyev deyir ki, qardaşı Rafət həmin şirkətdə fəhlə işləyib. Borclar da şirkətin borclarıdır. Şirkətdə bir çox  obyektlər restoran və digər Rafət Qəniyevin adına olub.

 

Rafət Qəniyevin “dəfn” mərasimində  onun 16 və 18 yaşlı oğlanları, həyat yoldaşı və bacı və qardaşları iştirak ediblər.

 

Əlibəy Zeynallı

Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR