Dövlət evsiz vətəndaşlara ev verir?   - Ekspert çaşqınlığa aydınlıq gətirdi

# 19:15
13 aprel 2022

Azərbaycan Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının mətbuatda bəzi ekspertlər tərəfindən yanlış şərh edilməsi insanlar arasında çaşqınlıq yaradıb.  

  

Lent.az xəbər verir ki, vətəndaşlarda belə bir fikir formalaşıb ki, bu sərəncamla bütün evsizlərə ev veriləcək. Hətta sosial şəbəkələrdə vətəndaşlar “Şad xəbər! Hər kəsə ev verilir”, “İcra hakimiyyətlərinə müraciət edin, ev alın”, “Siyahıya düşməyə tələsin”, “Evsizlərə ev verilir” kimi paylaşımlar edirlər.

 

Məhz buna görə də artıq bəzi insanlar yaşadıqları rayonlar üzrə icra hakimiyyətlərinə kütkləvi şəkildə müraciət etməyə başlayıblar.  

 

Əslində bu sərəncamın əsl məğzi nədən ibarətdir?

 

Məsələni aydınlaşdırmaq üçün “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev müraciət etdik. Onun sözlərinə görə, ölkə başçısının məlum sərəncamı bəzi şəxslər tərəfindən yanlış şərh edildiyi üçün insanlar arasında çaşqıınlıq yaradıb: “Hamıda yaşayış sahəsinə ehtiyacı olan şəxslərə ev verilməsi barədə fikirlər formalaşıb. Bu fikirlər tamamilə əsassızdır, belə bir şey yoxdur. Adından göründüyü kimi bu sərəncam korrupsiya məsələləri ilə bağlıdır və işləri şəffaflaşdırmaq məqsədi daşıyır. Bu sərəncamda əhaliyə kütləvi şəkildə ev verilməsi nəzərdə tutulur deyə düşünmək absurddur”.  

 

Şamil Paşayev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.9-cu bəndi belə şərh edir: “Bu məsələni belə izah edim... Məsələn, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlər, müxtəlif dövlət qurumunda işləyib mənzil növbəsinə duran şəxslər var ki, onlar müəyyən müddətd - ən sonra mənzilə sahib olmaq ixtiyarındadırlar. Onlar da mənzilə sahib olmaq üçün yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmalıdırlar. Bu uçotun aparılması isə çoxdankı qaydadır. STIK: Sosial kirayə müqaviləsinə əsasən isə, yaşayış sahələri yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınmış vətəndaşlara şamil edilir. Və bu uçota durma məsələsində yeni qayda korrupsiyanın qarşısını almaq məqsədi daşıyır. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı bütün vətəndaşlara ev veriləcək deyə yorumlamaq tamamilə absurddur”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  

 

Sərəncama əsasən, Nazirlər Kabineti 2022-2024-cü illər ərzində İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc ediləcək və aktuallığı daim təmin ediləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR