Dövlət sərhədinin pozulması nəticəsində həlak olan zabit Tovuzda dəfn olunub

# 16:23
16 may 2021

Dünən “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması zamanı sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan hərbçi, baş leytenant Eyvazov Samir Elmar oğlu doğulduğu Tovuz rayonunda dəfn olunub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hərbçi anadan olduğu Bozalqanlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində yaylım atəşi açılıb.

 

Mərasimdə hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə mərasimdə çıxış edərək baş leytenant Samir Eyvazovun ölümündən sonra "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunduğunu deyib.

 

Medal zabitin ailə üzvlərinə təqdim olunub.

 

Şəhidin bir övladı yadigar qalıb.

 

Qeyd edək ki, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozduğu aşkarlanıb.

 

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, onlara qarşı odlu silahdan atəş açıblar.

 

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerindən təxminən 10 kq narkotik vasitə aşkarlanıb.

 

Sərhəd pozucularının axtarışı üzrə keçirilən tədbirlər nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir.

 

Hadisə barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR