Dünyada "yanğın mövsümü": Azərbaycanda vəziyyət necədir?

# 16:30
19 avqust 2022

 

Yayın gəlməsi, havaların isti keçməsi ilə əlaqədar bütün dünyada yanğınların sayı artıb, miqyası genişlənib. Belə demək mümkündürsə, indi “yanğın mövsümüdür”. Hər ilin bu çağı dünyanın müxtəlif ölkələri yanğınlardan, xüsusilə meşə yanğınlarından əziyyət çəkir. 2019-cu ilin sonlarından 2020-ci ilin ilk aylarınadək Avstraliyada tüğyan edən irimiqyaslı meşə yanğınları bütün dünyanı ayağa qaldırmışdı. Avstraliyanın cənub-şərq sahillərində baş vermiş yanğınlar nəticəsində 25 nəfər həlak olmuş, 2000-ə yaxın ev, ümumilikdə 8 milyon hektardan artıq ərazi yanaraq külə dönmüşdü. Dəhşətli yanğın yüz milyonlarla heyvanın tələfatına səbəb olmuşdu. Bu il də Avstraliyada meşə yanğınları qeydə alınıb. “Yaşıl qitə”nin Viktoriya, Yeni Cənubi Uels ştatlarında yanğın yüz minlərlə hektar ərazini əhatə edib. Ötən il Türkiyədə baş vermiş irimiqyaslı meşə yanğınları da yaddaşlardadır. Bir neçə gün çəkən yanğınlar meşələrin, evlərin, heyvanlarına məhvinə səbəb olmuşdu. Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə həmin yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənləri də yaxından iştirak etmiş, fədakarlıq göstərmişdi. Təəssüf ki, 2022-ci il də dünyada meşə yanğınları baxımından istisna olmadı. Havaların isti keçməsi, ümumilikdə isə qlobal istiləşmə nəticəsində 2022-ci il meteomüşahidələr tarixində ən isti illərdən biri kimi yadda qalacaq. APA “Le Point” qəzetinə istinadən xəbər verir ki, qlobal istiləşmə 2022-ci ildə ötən illə müqayisədə daha çox meşə və yaşıllıq sahələrinin məhv olmasına yol açıb. “Situasiya biz təsəvvür etdiyimizdən də ağırdır”, - deyə Avropanın meşə təhlükəsizliyi sisteminin koordinatoru Jesus San Migel söyləyib. Avropa Komissiyasının rəsmi nümayəndəsi Balaş Uyvari 2022-ci ilin əvvəllərindən bu günə qədər Avropa İttifaqının 27 ölkəsinin ərazisində 700 min hektardan artıq ərazinin yanaraq külə çevrildiyini deyib. Halbuki bütün 2021-ci il ərzində bu rəqəm 470 min hektarı əhatə edib. İndi isə ayrı-ayrı ölkələrdə bu il qeydə alınmış yanğınlar barədə. Bolqarıstanda avqustun 9-da isti və quraqlığın doğurduğu meşə yanğınlarına görə Pazarcık rayonu ərazisində fövqəladə vəziyyət elan olunub. Yanğının 200 hektar sahəni əhatə edib. ABŞ-ın Kaliforniya ştatının Oreqon ştatı ilə sərhədində başlayan yanğın 20 640 hektardan çox ərazini məhv edib. Yanğın 2 mindən çox insanın təxliyə olunmasına, çoxlu sayda ev və infrastruktur obyektlərinin məhvinə səbəb olub. Dünyada meşə yanğınları ilə bağlı ən həyəcanlı situasiya isə Rusiyadadır. Rəsmi məlumatlara görə, ilin əvvəllərindən bu ölkədə 3,23 milyon hektardan çox meşə sahəsi yanaraq kül olub. Braziliyada da meşə yanğınları ilə bağlı vəziyyət gərgin olaraq qalır. 2022-ci ildə dünyanın “ağ ciyəri” hesab olunan Amazon meşələrində yanğınların sayı və əhatəsi 15 illik maksimuma çatıb. Avqust və sentyabrda yanğınların pik həddə çatması gözlənilir. İstilik və quraqlıqla yanaşı, meşə yanğınlarının çoxalmasına yerli fermerlərin meşələri qırması və yandırması amili də ciddi təsir göstərir. Meşə yanğınlarından ən çox əziyyət çəkən ölkələrdən olan Türkiyə bu il də eyni problemlə üz-üzə qalıb. İsti hava, quraqlıq və insan amili qardaş ölkədə bir neçə ciddi meşə yanğınına səbəb olub. Xatırladaq ki, təkcə 2021-ci ildə Türkiyədə 139,5 min hektar meşə sahəsi yanaraq kül olub. Hazırda yuxarıda adı çəkilən ölkələrlə yanaşı, Yunanıstan, Polşa, Fransa, Böyük Britaniya, Çin, Kanada, Botsvana, Zambiya, Cənubi Afrika Respublikası, Mozambik, Yeni Zelandiya, Konqo Respublikası, İtaliya, Argentina, Kolumbiya, Peru Madaqaskarda da şiddətli meşə yanğınları ocaqları var. Təəssüf ki, bu siyahıya Azərbaycanı da əlavə etməliyik. Yay mövsümü başlayandan ölkədə meşə yanğınlarının sayı kəskin artıb. Araşdırma nəticəsində aydın olur ki, yanğınlar bir neçə səbəbdən baş verir. Əsas səbəb bütün dünyada olduğu kimi havaların qızmar keçməsi və quraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR