Düşməni lərzəyə salan göyçaylı Murov fatehi
Vətən Müharibəsinin şəhidi İntiqam Şirəliyev. Bir il əvvəl bu adı qohum-qonşuları, tanışları, hərbiçi yoldaşları tanıyırdısa indi qəhrəmanımızı bütün Göyçay əhalisi tanıyır. İntiqam Şirəliyev düşmən tapdağında olan torpaqların azad edilməsi uğrunda canından keçən vətən oğullarından biridir.
İntiqam Şirəliyev sentyabrın 27-də başlayan Böyük Vətən Müharibəsini sevinclə qarşılayıb. Şəhidin anası Almaz Şirəliyeva deyir ki, oğlu ilə fəxr edir: “Mən oğlumla fəxr edirəm. O şirin canını Vətənə qurban verib. O mənimlə sentyabrın 26-da telefonla danışdı, dedi hər şey yaxşıdır, bizə özünüzdən muğayat olun dedi. Çox həyəcanlı hislər yaşayıram, balam yoxdur. Balam Vətən uğrunda şəhid olub. "
APA TV-nin yerli bürosunun xəbərinə görə, İntiqam Şirəliyev 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, sentyabrın 29-da Kəlbəcərin işğaldan azad edilməsi uğrunda Murovdağ döyüşləri zamanı şəhid olub, Göyçay rayonunun Potu kəndində dəfn olunub. Şəhidin yaxınları və rayon ictimaiyyəti onun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Şirəliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şahnəzər Bəşirov