Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam etdirilir
Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir.
APA TV xəbər verir ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 86 km təşkil edəcək.
İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.
Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir.
Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.
Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır.
Hazırda yolun 14 km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir.
Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
