Evləri talan edən şəxs 113 min manatı necə oğurlayıb? - ÖZÜ DANIŞDI
Bakının Nərimanov rayonunda 4 evdən 113 min manatlıq oğurluq edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə rayon ərazisində yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyaları və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Niyaməddin Əliyev izahatında etdiyi oğurluqları etiraf edib.