Fərid Qayıbov: "Yeniliklərə və inkişafa ehtiyac var"

# 12:35
8 sentyabr 2021

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim edilib.

APA TV-nin məlumatına görə, Fərid Qayıbovu kollektivə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev təqdim edib.

İlk olaraq keçmiş  Gənclər və idman naziri Azad Rəhimovun xatirəsi yad edilib.

Yusuf  Məmmədəliyev Azad Rəhimovun Gənclər və idman siyasətindəki uğurlarından söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov Gənclər və idman naziri təyin olunub: "O, idman ictimaiyyətində yaxşı tanınan biridir. İdman sahəsində biliyi, təcrübəsinə görə ölkə rəhbəri tərəfindən bu məsul vəzifə ona həvalə edilib. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Uğurlara baxmayaraq, bəzi çatışmazlıqlara diqqət yetirməliyik. 44 günlük Vətən Müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbədə vətənpərvər ruhda yetişdirilmiş gənclər aparıcı rol oynayıb. Əminəm ki, nazirliyin yeni rəhbəri öz işlərini uğurlara həyata keçirəcək. Doğma ölkəmiz üçün birlikdə uğurlara nail olacağıq".

Yeni  təyin olunan Gənclər və idman naziri Fərid Qayıbov müəyyən nəticələrin olduğunu, lakin bununla kifayətlənməyəcəyini bildirib: “Yeniliklərə və inkişafa ehtiyac var. Bu istiqamətdə çalışacağıq. Dünəndən təbrikləri qəbul edirəm və artıq işləmək lazımdır. Bu, böyük məsuliyyətdir və əlimizdən gələni etməyə hazırıq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR