Fərruxda yoxa çıxan 3 əsgərimiz: Onları kim öldürüb?
Azərbaycanın daha bir ərazisində dövlət bayrağı dalğalanır. Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarətindədir. Bəli, Fərruxun qayıtması 30 illik həsrətə də son qoydu.
Fərrux uğrunda döyüşlərdə şəhid olduğu, itkin düşdüyü ehtimal olunan bəzi əsgərlərimizin doğulduğ Salyan və Neftçala rayonunda olduq.
İlk açdığımız qapı Təsəlliyev Aqil Böyükağa oğlunun ata evi oldu. O, hələ uşaq olarkən anasını itiirib. Oğul itkisinə dözməyən Böyükağa kişi isə 2 il sonra - 1995-ci ildə bu dünyasını dəyişib.
Aqil 1973-cü il fevralın 2-də Salyanda anadan olub. Ailənin sonbeşiyi idi.
1992-ci il in mart ayında əsgəri xidmətə yollanıb. Qarabağda döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Fərrux dağında olub.
Düşmənlə bərabər olmayan savaşda qəhrəmancasına həlak olaraq şəhid olub. O vaxt erməni birləşmələrinin nəzarətində olan Fərrux dağından həlak olan əsgərlərimizin nəşini götürmək mümkün olmayıb. Aqil digər əsgər yoldaşları kimi itkin sayılıb.
Şəhidin qardaşı Bəxtiyar Təsəlliyev deyir ki, birinci Qalayçılar kəndində döyüşə başlayıblar: “Ondan sonra Naxçivanik, Güllücə, Əsgəranın, Ağdərənin kəndlərində, Qazançıda vuruşublar. Axırıncı döyüşləri Fərrux dağında olub. Bir il vuruşub. 2 dəfə güllə yarası alıb. Bir dəfə qəlpə yarası, ikinci dəfə Qazançılar kəndində güllə yarası alıb. 1 ay Bakıda hospitalda qalıb. Sağalandan sonra yenə cəbhə bölgəsinə gedib. Fərrux dağı uğrunda gedən döyüşdə yanvar ayının 24-dən 25-nə keçən gecə əsgər yoldaşlarının dediyinə görə Fərrux dağına qalxıblar, qabağda olub ermənilər qıçlarından pulemyotla vurublar. Öndə olduğundan biz onu çıxara bilmədik. Əli ilə işarə etdi ki, artıq gecdi. Bir az üstündən keçəndən sonra partlayış oldu. Uşaqların dediyinə görə üstündə qumbara olub, özünü partladıb. Uşaqlara da demişdi ki, bu mənim axırıncı döyüşüm olacaq. 93-cü ildən adı itkin kimi gedir. Amma bilirdim şəhid olub. Əsgər yoldaşları demişdi mənə”.
Şəhidin böyük qardaşı Abbasqulu Təsəlliyevin sözlərinə görə, Aqilin itkin düşməsi xəbərini alandan sonra Ağdama, Fərrux dağının yaxınlığında yerləşən cəbhə bölgəsinə gedib: “Orda məlumat topladım. Dedilər 24-25 yanvarda vurulub, ora girə bilmirik. Hökmən gərək xüsusi toplarla orda tüstü-duman yaradaq ki, meyitləri ordan götürə bilək. O tüstü yaradan toplar isə bizdə yoxdu. Komandir dedi ki, istəyirsən əsgərlər gedib orda şəhid olsunlar? Razı olmadım. Həm də o meyitlərə ermənilər partlayıcı bağlayırdılar, götürən adam məhv olsun. Yaxşı qardaş idi, həmişə bizim qayğımıza qalırdı”.
Şəhidin qohumu Svetlana Təsəlliyeva deyir ki, mən ona övlad kimi baxmışam: “Süd balam idi. Əsgər yaşı çatanda hamı kimi o da Qarabağ döyüşlərinə getdi. Getdi döyüşdü, vuruşdu yaralandı, xəstəxanada yatdı, sağalandan sonra yenə döyüşə getdi. Və yanvar ayında itkin düşməsi haqqında kağızı gəldi...”
Fərrux uğrunda gedən döyüşlərdə şəhid olan İlham Adil oğlu Dadaşov isə Nefçalanın Kürkənd kəndindəndir.
Fərrux dağının azadolma xəbəri Dadaşovlar ailəsini də sevindirmişdi. Sən demə, şəhidin ailəsi illər öncə təsəlli tapmaq üçün İlham üçün məzar belə düzəldiblər. Ailənin ziyarət etdiyi simvolik bir məzar yeri...
İlham Dadaşov 1973-cü ilin iyulun 19-da Neftçalanın Kürkənd kəndində anadan olub.
1992-ci ildə əsgəri xidmətə yollanan İlham Fərrux dağı uğrunda döyüşlərdə iştirak edib və yanvar ayında qəhərmancasına şəhid olub.
Şəhidin qardaşı Vüqar Dadaşov deyir ki, Hərbi komissarlığa gedib ərizə yazıb könüllü gedib döyüşə: “1992-ci ilin avqustunda getmişdi. Getdi Ağdama “Qatır Məmməd” ləqəbli Yaqub Rzayevin batalyonunda idi. Fərrux dağı uğrunda gedən döyüşlər zamanı snayperlə vurulub. İkinci dəfə döyüşlərdə əsgərlərimiz həmin yerdə olsalar da meyitləri tapa bilməyiblər. Valideyinlərim ora getsələr də ərazi işğal altında olduğundan meyiti götürə bilməyiblər”.
Neftçalanın Boyat kəndində yaşayan Cəfərovlar ailəsi də Fərruxda şəhid olan övladının məzarına həsrət qalıb. Mehman Cəfərov ailədə doğulan 7 uşaqdan biri olub. 1966-cı il yanvar ayının 28-də doğulub. O da həmyerliləri kimi Qarabağ savaşına qatılıb və son döyüşü Fərrux dağı uğrunda olub. 1993-cü ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 yaşında şəhid olub. Valideyinləri bu dünyadan oğul soraqlaya-soraqlaya, həsrət içində köçüblər. Yaxınları - qardaş və bacıları onun yolunu hələ də gözləyirlər.
Şəhidin qardaşı Rahim Cəfərov isə hislərini belə dilə gətirdi: “Ümid edirəm ki, şəhid qardaşım tapılar. Gətirib onu təmtəraqla dəfn edərik, bizim də ziyarətgahımız olar. Gedib tez-tez ziyarət edərik, könlümüz xoş olar. Deyərik bizim də qardaşımız torpaqda uyuyur. 1992-ci ilin dekabrın 22-də çağırışa getdi. Yola saldıq. 93-cü ilin yanvarın 10-da getdim ki, Ağdama onunla görüşüm. Görüşə bilmədim. İkinci dəfə gedəndə də görüşə bilmədim. Dedilər Fərrux yüksəkliyi uğrunda döyüşə qalxıblar. 2 gün qaldım, gördüm görüşmək imkanı yoxdu. Amma onda ürəyimə damdı ki, Mehman şəhid olub. Qayıtdım gəldim kəndə. 2 gün sonra uşaqlar gəlmişdi, soruşdum, bəs mənim qardaşım... dedilər yoxdu. Dedilər ki, o yaralandı götürə bilmədik”.
Vətənin qəhrəman oğulları, qayıdışınız mübarək!
Əlibəy Zeynallı,
Elçin Həsənov,
Sevinc Vaqifqızı,
APA TV