FHN-in Aran Regional Mərkəzində “Açıq qapı günü” keçirilib 

# 19:03
1 iyun 2022

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yevlaxda Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir FHN İşçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə təşkil olunub. Tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Nazirliyin Aran Regional Mərkəzinin rəisi, polkovnik Elxan Vəliyev, Yevlax Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

 

 

 FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev jurnalistlərə açıqlamasında bildirib ki, tədbirdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək canını qurban verən 30 şəhidin 50-dən çox övladı iştirak edib.

 

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Şəhid övladları bir anlıq da olsa, yanğınsöndürən və xilasedicilərin vəzifələrini yerinə yetirib.

 

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR