Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr edilmiş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.
Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, FHN-in əməkdaşları və Akademiyanın kursantları iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra FHN-in Akademiyasının şəxsi heyətinin təntənəli keçidi olub.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Nazir deyib ki, Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Onun arzusunu, vəsiyyətini Müzəffər Ali Baş Komandan öz müdrik rəhbərliyi ilə yerinə yetirdi. 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını qeyd edən nazir regional güc mərkəzi kimi strateji hədəflərə doğru irəliləyən ölkəmizin dünya birliyindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.
Çıxışının sonunda nazir Kəmaləddin Heydərov bildirib ki, ümummilli lider Heydər Əliyevin müasiri olmaq hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə və digər natiqlər ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin dövlətçilik fəaliyyətindən danışıb.
DİGƏR XƏBƏRLƏR

Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etmək mümkündürmü?

Bayram günlərində 121 nəfər zəhərləndi, iki nəfər öldü

İsrailin ən böyük aeroportundan uçuşlar dayandırıldı
