Gəncədə 11 dəfə məsuliyyətə cəlb olunan şəxsə həbs verildi

# 13:35
29 noyabr 2022

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücüləri saxlayıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

 

Həmin sürücülər saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Qeyd edilib ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də analoji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

 

Bundan başqa, Yol polisi əməkdaşlarının apardıqları mütəmadi monitorinq-profilaktiki tədbirlər zamanı avtomobilinə konstruksiya dəyişikliyinə görə daha əvvəl 11 dəfə inzibati məsuliyyətə cəlb olunan şəhər sakini Orxan Qasımovun yenə də idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozması məlum olub. Növbəti dəfə də saxlanılan sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə  Orxan Qasımov 8 sutka inzibati həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR