Gəncədəki erməni terroru daha bir səfiri sarsıtdı 

# 13:56
29 iyun 2022

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Gəncə şəhərinə səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, səfir Rodriqo Labardini öncə Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anmaq üçün raket zərbələrinə məruz qalmış əraziyə gəlib.
Rodriqo Labardini həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına güllər qoyub.
Ermənistanın hərbi cinayətlərinin izləri ilə tanış olan səfirə məlumat verilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Ermənistanın Gəncədə törətdiyi hərbi cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.
Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Gəncədə baş verən dəhşətli hadisədən sarsıldığını deyib: “Bu cür hadisələrdən sonra, düzdür, şəhərdə həyat davam edir, amma o itkilərin təsiri və həlak olan insanların xatirəsi unudulmazdır. Mülki insanlara atəş açmaq yolverilməzdir, bu dünyada qəbul olunmuş bir qaydadır. Meksikada yaşayanlar da sözügedən Qarabağ müharibəsindən, buradakı vəziyyətdən xəbərdardırlar və müharibə zamanı şəxsən mənim özümdən də tez-tez maraqlanıb vəziyyəti soruşurdular”. 
Qeyd edək ki, səfər çərçivəsində diplomat şəhər rəsmiləri ilə də görüşüb, Gəncə ilə Meksikanın Toliko şəhərinin qardaşlaşması ilə bağlı razılıq əldə olunub.


Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Gəncə 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR