Gəncəyə raketi kimlər atıb? - Erməni zabitin Araiki bitirəcək etirafı

# 20:17
27 dekabr 2021

Vətən Müharibəsi ərəfəsində Gəncəyə atılan "Toçka-U" operativ-taktiki raketin kimin əmri ilə atılması barədə sosial şəbəkələrdə yeni məlumatlar paylaşılmaqdadır.

İkinci Qarabağ Müharibəsində iştirak etmiş erməni zabit həmin qanlı olaylardan bəhs edən video açıqlama yayıb. O söyləyib ki, Gəncənin məhəllələri qəsdən, bilərəkdən və məqsədli şəkildə raket atəşlərinə tutulub. Əmri də Qarabağdakı separatçıların lideri Araik Harutyunyan verib. Onun sözlərinə görə, Araik Harutyunyan bu əmri 44 günlük müharibədə məhv edilmiş dostu Saşik Harutyunyanın qisasını almaq üçün verib. Lakin, Xankəndidəki terrorçular və Ermənistanın hakimiyyət dairələri müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş terror aktları barədə faktları dansalar da, erməni zabit başqa şeylər söyləyir: "Gəncəyə R-17 raketləri ilə zərbələrin endirilməsi absurddur. Araik Harutyunyan bunu "qisas" adlandırdı. Bilmirəm, amma məncə çox yanlış və sarsaq əmr, qərar idi. Şəxsən mən bu zərbələrdə hansısa hərbi zərurət görmürəm. Səddam Hüseyn kimi şəhər məhəllələrinə raket zərbələrinin endirilməsi obyektiv olaraq terrorizmdən başqa heç nə deyil. Əgər o zərbələr qarşı tərəfi qorxutmaq məqsədilə edilmişdirsə də bu, axmaqlıqdır. Çünki qarşı tərəf qorxmadı, tam əksinə, daha da qəzəbləndi. Qarşı tərəfin yerində mən də olsaydım, qəzəblənərdim. O dövrün Ermənistan Müdafiə Nazirliyinin sözçüsü isə elə həmin vaxtda Gəncəyə raket zərbələrini "hədəfdən yayınma, yanlışlıq" adlandırmışdı. Yəni guya Gəncə aeroportunu vurmaq istəyiblər, raketlər də hədəfdən yayınıb, şəhər məhəllələrinə düşüb. Bu, əsla həqiqətə uyğun deyil. "Elbrus" kompleksindən buraxılan R-17 ballistik raketinin 65 kilometrlik məsafədə hədəfin vurulması zamanı 4-5 kilometr yayınmaqla bağlı iddia ən azı absurddur. Ya kompleksin heyəti hara atəş açmağı dəqiq bilməyib, ya da atəş bilərəkdən məhz o istiqamətə edilib. Çox yəqin ikinci variantdır. Araik Harutyunyan da dediyimi çıxışında təsdiqləmişdi".

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02 radələrində Gəncəyə ballistik raket hücumu nəticəsində 10 nəfər şəhid olub, 34 nəfər yaralanıb.

 

Fuad Sadıqov

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR