Göyçayda iftar mərasimində 10 nəfər zəhərləndi - TƏFƏRRÜATLAR

# 18:04
19 aprel 2022

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi olub.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, ötən gecə Göyçay şəhərindəki restoranlardan birində təşkil olunan iftar süfrəsində iştirak edən 12 nəfərdən 10-u məclisdən 4 saat sonra evlərində olarkən özlərini pis hiss edib. Vətəndaşlar Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Zərərçəkənlər ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

 

Zərərçəkən şəxslər pomidordan zəhərləndiklərindən şübhələnir.

 

Məsələ ilə bağlı restoran sahibi Saleh Əliyev APA TV-nin yerli bürosuna bildirib ki, aprelin 18-də saat 19:30 radələrində orada 12 nəfər müştəri üçün iftar süfrəsi açılıb. Onlara yeməklə yanaşı təzə pomidordan hazırlanan salat verilib. Həmin müştərilərə pomidor turşusu və ya əvvəlcədən hazırlanmış başqa salat təqdim olunmayıb. Bazardan alınan həmin pomidorlar restorandakı digər müştərilərə də verilib, lakin onlar tərəfindən heç bir şikayət olmayıb.

 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri bu restorana gələrək müştərilərə təqdim olunan məhsullardan analizlər götürüb. Hazırda baş verən hadisənin səbəbləri, onun qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalar aparılır.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna bildirilib ki, faktla bağlı toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün Göyçay rayon Prokurorluğuna göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Şahnəzər Bəşirov, APA TV, Göyçay

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR