Güclü külək ağacları aşırdı, kəndləri sel basdı

# 14:04
29 iyun 2022

Zaqatalada leysan yağışları və güclü külək bir sıra fəsadlar törədib, məktəbin dam örtüyünü külək uçurub.

APA TV-nin məlumatına görə,  iyunun 28-dən 29-a keçən gecə saatlarından başlayaraq, rayon ərazisində hava şəraiti kəskin dəyişib. Rayonda güclü küləklə müşahidə olunan leysan yağışları yağıb. Dağlara yağan leysan yağışları nəticəsində rayon ərazisindən keçən Tala çayı, Böyük çay və digər dağ çaylarında suyun səviyyəsi kəskin artıb. Rayonun Yuxarı Çardaqlar, Muxax, Qımır, Bazar və Çobankol kəndlərinin ərazisində güclü külək səbəbindən 40-dan yuxarı irigövdəli ağac yıxılıb. Kəndin bəzi ərazilərində yıxılan ağaclar elektrik xətlərini və telefon naqillərini qırıb. Hazırda qeyd edilən kəndlərə və bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlara yağan leysan yağışları səbəbindən Muxax kəndinin dağ ətəyində yerləşən 15 evin həyətyanı sahəsinə yağış suları dolub. Həyətyanı sahələrdə əkilmiş kənd təsərrüfatı məhsullarına ziyan dəyib.

Yuxarı Çardaqlar kəndi ərazisində olan güclü külək səbəbindən Yuxarı Çardaqlar kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçub.

Çobankol, Qımır və Bazar kəndlərinin ərazisinə yağan leysan yağışları nəticəsində bir çox kənd sakinin həyətyanı sahələrinə yağış suları dolub. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində və Zaqatala-Muğanlı avtomobil yolunun kənarlarında ağaclar güclü külək nəticəsində aşıb.

Hazırda aidiyyəti qurumlar dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.

Vüqar Heydərov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR