Güclü yanğın: İkisi azyaşlı olmaqla 4 nəfər xilas edildi
Güclü yanğın: İkisi azyaşlı olmaqla 4 nəfər xilas edildi Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-dən APA TV-yə verilən xəbərə görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı yaşayış binasında qeydə alınıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Xudat Nəbiyev jurnalistlərə açıqlamasında bildirib ki, yanğının söndürülməsi iki istiqamətdə aparılıb. Qərargah rəisi qeyd edib ki, yanğın zamanı 15 bina sakini təxliyə edilib, 4 nəfər xilas olunub. Onlardan ikisi azyaşlı olub. FHN rəsmisi əhaliyə müraciət də edib. O bildirib ki, şəxsi minik avtomobilləri yaşayış binasının həyətyanı sahəsindən bir qədər kənarda saxlanmalıdır. Çünki hadisə baş verən zaman xilasedicilər əraziyə daxil olmaqda çətinliklərlə üzləşirlər.