Hər damcısı qızıldır, biz onunla maşın yuyuruq – APA TV

# 10:38
18 avqust 2022

Dünyada içməli su çatışmazlığı ən aktual problemlərdən biridir. Hazırda dünya əhalisinin 40%-dən çoxu bu problemlə üz-üzədir. Təəssüflər olsun ki, Azərbaycan da su çatışmazlığı ilə üzləşən ölkələr sırasındadır. Ölkəmizdə su qıtlığını yaradan əsas səbəblərdən biri isə içməli suyun bəzi sahələrdə israf olunmasıdır. Elə götürək avtoyuma məntəqələrini. Hazırda olduğumuz bu məkan da daxil olmaqla, ölkədə əksər avtoyuma məntəqələrində avtomobillər içməli su ilə yuyulur.

 

 

"Azərsu" ASC yanında İctimai Şuranın üzvü Eyyub Hüseynovun deyir ki,  avtoyuma məntəqələrində içməli suyla avtomobil yudurtmaq nadanlıq və pis bir haldır: “Lakin Azərbaycanda bu şəbəkə geniş yayılıb. İçməli su avtoyuma yerlərində istifadə edilir. Azərbaycanda texniki su yoxdur. Mən dəfələrlə “Azərsu”da İctimai Şuranın üzvü olaraq bu məsələni iclasda qaldırmışam. Biz avtomobil yuma məntəqələrində mütləq  monitorinqlər aparmalıyıq. O avtoyuma məntəqələrinin fəaliyyətinə icazə verilməlidir ki, onlar təkrar sudan istifadə edir, yəni eyni suyu təmizləyir, dövr etdirirlər. Təəsüf ki, buna hələ nail ola bilməmişəm”.

 

Eyyub Hüseynovun fikrincə, avtomobilyuma məntəqlərində, yalnız içməli su israf edilmir, eyni zamanda flora-faunanın çirklənməsi, oradaki kimyəvi maddələrin dənizə axıdılmasi kimi hallar da baş verir. Bununla bağlı mütləq işlək nəzarət mexanizmi yaradılmalıdır: “Müşahidələrim göstərir ki, ölkəmizdə avtoyuma məntəqələri digər getdiyim ölkələrdən təxminən 20 dəfə artıqdır. Mütləq bunlara son qoyulmalıdır. Elə bir iş aparmalıyıq ki, suya qənaətlə yanaşaq.

 

Bir tərəfdən baxırsan, deyirlər, biznes qururam, suyu istifadə edib, pulunu verirəm. Lakin bu təbii sərvətdir, dünya bundan ötrü böyük əzab çəkir. Gözəl ölkəmizdə biz nə üçün israfçılıq edək? “Azərsu”yun rəhbərliyinə məəttələm ki, bu işi dəfələrlə qaldırsam da, doğru addımlar atmayıblar ki, monitorinqlər aparaq, problemin qarşısını alaq. Çox təəssüf ki, bu məsələ gündəmdə dayanır və Azərbaycan üçün ciddi problemlər yarada bilər”.  

 

Sosioloq Elçin Bayramlı isə bildirir ki, içməli suyun sənaye müəssisələrində, xalçayuma, avtoyuma məntəqələrində işlədilməsi indiki vəziyyətdə qətiyyən yaxşı hal deyil: “İçməli suyun təsərrüfat, sənaye məqsədli müəssisələrə yönəldilməsi düzgün deyil. Bu məntəqələrə texniki su verilməlidir. Bunun üçün də xüsusi infrastruktur qurulmalıdır, əlavə su xətləri çəkilməlidir. Hazırda bu yoxdur”.

 

Sosioloq onu da qeyd etdi ki, Bakıda su şirinləşdirici zavodlar yaradıb, texniki suyu yararlı hala salsalar, içməli su mənbələrinə də təzyiq azalar. Beləcə bu həm ekoloji cəhətdən düzgün olar, həm də əhalinin təmiz içməli suyla təminatında daha keyfiyyətli təczihat sisteminin yaranmasına gətirb çıxarar.

 

Maraqlıdır, bəs bütün bu iradlar və təkliflərlə bağlı “Azərsu” nə düşünür?

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, avtoyuma və digər bu kimi texniki su tələbatı olan obyektlərə texniki suların verilməsi ilə bağlı ayrıca şəbəkə mövcud deyil. Buna görə də, avtoyuma məntəqələrində şəbəkəyə verilən içməli sudan istifadə edilir. Texniki su şəbəkəsinin yaradılması ilə bağlı layihə və ya hansısa plan da yoxdur.

 

Bax belə... Aidiyyəti qurumun açıqlamasından da aydın olur ki, hələ uzun müddət qızıldan da qiymətli olan suyu israf etməklə məşğul olacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR