Heydər Əliyevə həsr olunan çoxnövçülük çempionatına yekun vurulub
15-17 mart 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş komanda və şəxsi birincilik üzrə çoxnövçülük çempionatı keçirilib.İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandasından 65-ə yaxın əməkdaş iştirak edib. Çempionatda yüz və min metrə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında əməkdaşlar əzmkar mübarizə aparıblar. Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubun rəis müavini mayor Bəhruz Ağayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-sağlamlıq klubunun hüquq məsləhətçisi Həmdiyyə Məmmədov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır: Ümummilli Liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər, bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük nailiyyətlərin əsasının qoyulduğunu bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi tam təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib”. Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. Bakı Regional Mərkəzinin idmançıları bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-nin Akademiyasının komandaları layiq görülüblər.Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzi əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Şirəliyev Rəfail sahib olublar.Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.