İki övladını itirən ana yaşadığı evi muzeyə çevirdi
Ziyarətinə getdiyimiz bu dəfəki şəhid ocağı Əli və İslam qardaşlarının ünvanı oldu. O qardaşlar ki, ayrı-ayrı ildə və gündə dünyaya gəlsə də, eyni gündə məktəbə gedib, eyni sinifdə oxuyublar. Vətən müharibəsində də eyni istiqamətdə, eyni gündə də şəhid olublar. Ailənin cəmi iki oğul övladı həm də subay idilər. Evin böyük oğlu Əhmədov Əli İlqar oğlu 1993-cü il 5 yanvar tarixində anadan olub. Əhmədov İslam İlqar oğlu isə 1994-cü il sentyabrın 19-da doğulub. Mingəçevir şəhərində dünyaya gələn uşaqlar elə körpə cağlarında atalarını itiriblər. Anaları Sevinc Əhmədova min bir zülmlə böyütdüyü oğlanlarına ən çox əsl kişiliyi və Vətən sevgisini aşılayıb ki, bu da özünü Vətən müharibəsi zamanı göstərib.
Orta məktəbi bitirdikdən sonra İslam həqiqi hərbi xidmətə yollanıb. O xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Bir neçə aydan sonra yenidən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi torpaqların müdafiəsinə başlayır. Balaca qardaş Əli isə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Qayıtdıqdan sonra isə ixtisası üzrə işləməyib. Əli də qardaşı İslam kimi MAXE kimi xidmətə başlayıb.
Vətən müharibəsi başlayanda İslam zirehli döyüş texnikasının sürücü mexaniki, Əli isə xüsusi əməliyyat taburunda manqa komandiri idi. Döyüş əmri verilən anda ilk olaraq hərəkətə keçən bölmələrdə idilər. Düşmənin müdafiə eşalonlarının yarılması hərbi əməliyyatında hər ikisi öndə gedirdi. Vətənin müdafiəsi uğrunda xalqın ən cəsur oğullar şəhid olur. Şəhid olan bütün igid əlilər, islamlar bilirdi ki, onların müxtəlif istiqamətlərdə yardığı müdafiə xətti ilə irəliləyən ordu tarixi zəfərə imza atacaq.
Şəhid İslam və Əli qardaşlarının yaşadığı küçəyə girəndə ən nabələd adam belə bilir ki, şəhid qardaşlar bu evdə yaşayıb. Çünki, Sevinc ana küçədə də onların rəsmlərini daşlara həkk edib, şəhidlər haqqında şüarlar yazdırıb. Həyətin içində isə təkcə qəhrəman oğlanların yox, vətən uğrunda canını fəda edən bütün övladlarının şəkilləri olan lövhələr yaradıb. Evin içində isə şəhid qardaşların qısa, lakin çox şərəfli həyat yollarından bəhs edən fotoşəkillər, şəxsi əşyalar, təltiflər və digər sənədlər yer alır. Sevinc ana deyir ki, bu qapını heç vaxt bağlı saxlamıram. Çünki, bura hər gün ölkənin müxtəlif istiqamətlərindən, demək olar ki, hər yerindən ziyarətçilər gəlir. Bu isə onun yeganə təskinliyidir.
Qeyd edək ki, Əhmədov İslam İlqar oğlu və Əhmədov Əli İlqar 27 sentyabr Talış və Suqovuşan istiqamətində şəhid olublar. Onlar prezidentin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallarla təltif olunublar. Əlavə olaraq onu da qeyd edək ki, şəhid qardaşların anası muzey olaraq yaratdığı evin sənədləşdirilməsi üçün aidiyyatı qurumlara müraciət edib. Hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır.
Elgün Gəncimsoy, Ziya İsmayılov APA TV
Mingəçevir
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
