İlkinin məhkəməsində müəmmalı ifadə: PROSES DAVAM EDİR

# 23:20
2 iyun 2022

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

 

APA TV-nin xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin yalan olduğunu deyib.

 

O, İlkin Süleymanovun heç vaxt cinayət törətməsini etiraf etmədiyini bildirib: "İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi".

 

Prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-i, yəni Nərmin Quliyeva itkin düşən gün hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.

 

İttiham aktında isə qeyd olunub ki, İlkin həmin gün saat 14:30-da Nərmini evə dəvət edib və 47 gün orda saxlayıb. Bugünkü prosesdə ifadə verən müəllim Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı dediklərini təsdiq edib. Müəllim bildirib ki, hazırlıq dərsi həmişə saat 14:30-16:30 arasında olub.

 

Proses iyunun 3-də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR