İranda nələr olur? - Qadınlar bayraqlarını yandırır, saçlarını kəsirlər – APA TV

# 20:30
20 sentyabr 2022

Hicabı düzgün taxmadığı üçün əxlaq polisi tərəfindən döyülən, aldığı zərbələr nəticəsində həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölümü İranda kəskin etirazlara səbəb olub.

APA TV xəbər verir ki, polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Polis bölməyə aparılan qızın ürək problemindən keçindiyini açıqlasa da, onun yaxınları övladlarının tamamilə sağlam olduqlarını bildiriblər.

Tehranda başlayan narazılıq aksiyaları tez bir zamanda bütün ölkəyə yayılıb. Hakimiyyəti diktatorluqda ittiham edən narazı kütlə ölkənin ali liderlərinin posterlərini və İran bayraqlarını yandırırlar. Sosial şəbəkələrin İran seqmentində yayılan görüntülərə görə aksiyalarda daha çox qadınlar iştirak edirlər. Sadə vətəndaşlarla yanaşı, İranın məşhur simaları da öz rəsmi sosial şəbəkələrindən aksiyaya dəstək verirlər. Dünən gecə saatlarında da davam edən aksiyalarda küçələrə axışan narazı xalq “vuruşacağıq, öləcəyik, amma İranı geri alacağıq!” şüarı səsləndiriblər. İştirakçılar aksiyanı yatırmağa gələn polis maşınlarını aşırıblar. Yerli medianın xəbərinə görə, İranın Rəşt şəhərinin “Müəllim” meydanına toplaşanlara qarşı polis güc və silah tətbiq edib. Etirazçılar “bişərəf, bişərəf” şüarları səsləndirərək hökumətə və polis qüvvələrinə öz nifrətini bildirir.

İranda baş verənlərlə bağlı kanalımıza açıqlama verən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, aksiyalar artıq siyasiləşməyə başlayıb. O bildirib ki, ilk günlərdə aksiyalarda şüarlar baş örtüyü ilə bağlı idi, indi isə hakimiyyət əleyhinədir.

 

Siyasi şərhçi onu da əlavə edib ki, İran hakimiyyəti aksiya iştirakçıları ilə dialoqa və siyasi güzəştlərə getməsə, etirazlar digər əyalətləri də bürüyəcək.

 

“İranda 43 ildir ki, hansısa islahat keçirilmir” - Bunu isə kanalımıza açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib. O qeyd edib ki, İran cəmiyyəti hakimiyyət tərəfindən mədəni terrora məruz qalır. İnsanların geyiminə, danışığına, saç düzümünə müdaxilə edilir, onlar bir növ zombiləşdirilir və ibtidai azadlıqları əllərindən alınır ki, bunu da gənclər qəbul etmirlər.

 

Siyasi şərhçi onu da bildirib ki, baş verən aksiyalarda xarici qüvvələrin də marağı var. Aksiyalarda qadınların aktivliyi barədə də fikir bildirən Sədrəddin Sultan deyib ki, bunun başlıca səbəbi hakimiyyətin tətbiq etdiyi sərt rejimin daha çox qadınların azadlıqlarını əllərindən almasıdır. Sədrəddin Soltan da düşünür ki, tələblər azaldılmayacağı və islahatlar aparılmayacağı təqdirdə aksiyalar daha da genişlənə bilər.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR