İranın illərdir dəyişməyən “qardaşlığı”...
İllərdir Azərbaycana qarşı ikibaşlı münasibətini dəyişməyən İran yenə də Ermənistanı himayə etməkdə davam edir. Bunun ən bariz nümunəsini elə 44 günlük Vətən Müharibəsi zamanı işğalçılara qaçaqmalçılıq yolu ilə silah sursat, yanacaq və hərbi təyinatlı yüklər daşıdığı zaman gördük. Azərbaycanın bununla bağlı dəfələrlə göndərdiyi notalara əhəmiyyət vermədən öz çirkin niyyətlərini elə müharibədən sonra da həyata keçirməkdə davam etdi. Uzun illərdir Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyən qonşu ölkə birdən-birə sanki yuxudan yeni oyanmışcasına qoşunlarının bir hissəsini sərhəddə yığaraq təlimlərə başladı. Bir-birinin ardınca yüksək mövqeyə sahib şəxslərin Ermənistana səfərləri gerçəkləşdi.
Milli Məclisin deputatı Elşad Mirbəşir deyir ki, istər İran, istərsə də Qərb ölkələri üçün Ermənistanın cəlbediciliyi ondadır ki, bu ölkə təxribatçıdır: “İşğalçılıq siyasətini həyata keçirir və qonşu ölkələrə ərazi iddiaları ilə çıxış edir. Ermənistan bir alət rolunda bir sıra ölkələr üçün cəlbedicidir. Bu isə o deməkdir ki, Ermənistan cənubi Qafqaz regionun da məhz lazım olan anlarda gərginlik yaratmaq üçün reallaşdırılmış bir layihə dövlətdir. İran da Ermənistandan bir alət kimi istifadə edərək öz maraqlarına uyğun, öz təzyiqlərini həyata keçirməyə ümid edir”.
Dünyaya müsəlman həmrəyliyindən bəhs edən İrana bir məqamı xatırlatmaq yerinə düşər. İllərlə himayədarlıq etdikləri ermənilər Azərbaycan torpaqlarındakı məscidləri dağıdıb, dini ibadət yerlərində donuz saxlayıblar. Bütün müsəlman dövlətləri buna etiraz etdiyi bir zamanda bəs İran niyə susdu? Bunun tək bir cavabı var, o da İran müqəddəs məkanlarda heyvan saxlayan “qardaşları”ndan öz məqsədləri üçün istifadə edir:
Deputatın sözlərinə görə, Ermənistan həm bazar olaraq, həm də iqtisadi potensial baxımından İran üçün olduqca cılız bir ölkədir: “Enerji sahəsində İranla, Ermənistan arasında müəyyən əməkdaşlıq mövcuddur, amma bu da hər hansı bir ciddi önəm kəsb etmir. Sadəcə burada siyasi motivli maraqlar mövcuddur. İran hər zaman zəif olan Ermənistanda öz nəzarətini gücləndirməyə çalışır. Əslinə qalsa Ermənistanın üzərində bir geosiyasi savaş da getməkdədir. Bir sıra Qərb ölkələri, ABŞ və İran arasında Ermənistanı asılı vəziyyətə saxlamaq uğrunda mübarizə gedir”.
Siyasi şərhçi Zaur Məmmədov da İranın və bir sıra dövlətlərin bölgədə status-kvonun dəyişməsindən narahat olduqlarını bildirir: “Post müharibə dövründə də biz onu görmüş olduq ki, yenə də İran və bəzi digər dövlətlər bölgədə status-kvonun dəyişməsindən narahatdırlar, Tehran bununla barışmaq istəmir, Zəngəzur dəhlizinin açılmasını istəmir. Qarabağın dağlıq hissəsində vəziyyətin Azərbaycanın lehinə dəyişməsini istəmir və Ermənistanla bağlı təhrikedici siyasət yürüdür”.
Ədalət gec-tez qalib gəlir, Azərbaycanın da səbri tükənməzdir. 30 il ərzində müharibəni yubadan güclər görmüş oldular ki, Azərbaycan 44 gün ərzində erməniləri yerlə yeksan elədi. Biz o ölkəyik ki, BMT qətnamələrini məhz özümüz icra edərək torpaqlarımızı azad etdik.
İlahə Vəliyeva, Faiq Həsənov, APA TV