“JEK”lərin ləğv olunmasını kimlər istəmir?
Azərbaycanda "JEK” kimi tanınan Mənzil-İstismar Sahələrinin bugünkü fəaliyyəti vətəndaşları heç də qane etmir. Paytaxt sakinləri arasında apardığımız kiçik araşdırma da bunu sübut elədi.
APA TV xəbər verir ki, Narazılığın əsas səbəbləri binadaxili həyətlərin, blokların natəmizliyi və mənzillərdə yaranan kommunal problemlərin həllinin gecikdirilməsidir.
Bəs belə olan halda, “JEK”lər niyə hələ də yaşayır? Yaxın tarixdə bu sahədə hansısa islahatlar aparılacaqmı? Bu idarələrin ləğvi labüddürmü və yerlərində necə bir sistem qurulmalıdır?
“Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri, Vüqar Tofiqlinin sözlərinə görə, bu SSRİ-dən qalma bir sistemdir və sakinlərdən müəyyən vəsait toplayaraq, ərazidə müvafiq işlər görürdü. Lakin indiki dövrdə “JEK”lərin əlindən bir çox sahələr alındığı üçün onlar əvvəlki kimi effektiv işləyə bilmirlər: ”2009-cu ildə “Mənzil Məcəlləsi” qəbul edilərkən, Mənzil-İstismar Sahələri ilə bağlı hər hansı bir cümlə orada yoxdur. Belə desək “JEK”lər qanunsuz fəaliyyət göstərən struktur halına gəlib. Bu qurum təkcə icra hakimiyyəti orqanlarının işinin icra edilməsinə, zibil tullantıların daşınmasına görə bu qurumlar dırnaqarası icranın sağ əli funksiyasını yerinə yetirdiyi üçün bu struktur saxlanılıb. Lakin indiki vəziyyətdə bu nə dövlətə, nə də vətəndaşlara bir fayda verən qurumdur”.
İqtisadçı ekspert Rəşad Həsənov isə deyir ki, dövlət büdcəsinə fayda verməyən bu tip qurumlar Sovetlər dövründə yaradılmış “JEK”lərlə məhdudlaşmır. İndiki dövrdə Mənzil-Tikinti Kooperativləri var ki, onlar da vətəndaşlardan yığdığı pulları lazım olan yerlərə yönəltmir. Nəticə də isə yığılan vəsait müəyyən şəxslərin ciblərini doldurmaqdan başqa bir işə yaramır: ”Bəzi MMC-lər var və ya onun alternativi olan komendatlıq və ya MTK-lar fəaliyyət göstərir. Xüsusi ilə də MTK-ların fəaliyyət göstərməsinə görə, dövlət büdcəsi əhəmiyyətli səviyyədə itirir. Çünki MTK-ların topladığı vəsaitlər irreqal yollarla yığılır. Onlar qəbz vermir, vergi sistemində adları olsa da, çox zaman vergidən yayınır. Toplalanan vəsaitlər isə dövriyyədən gizlədilir”.
Rəşad Həsənovun fikrincə, “JEK”lər bugünkü gündə icra hakimiyyətlərinə ayrılan vəsaitlərin silinməsində rol oynadığı üçün, bəzi icra nümayəndələri bu qurumun ləğvini istəmir. Lakin “JEK”lərin artıq yeni qurumla əvəz edilməsinin vaxtı çatıb: ”Əksər hallarda onların funksiyası, icra hakimiyyətindən ayrılan vəsaitləri sənədlər üzərində silinməsi ilə məşğuldur. Guya binanı təmir etdik, binanı qırladıq, guya ki, hansısa işi görüldü. Yani rəsmiləşdirmə işi ilə məşğuldurlar. Həmin vəsaitlər isə hədəfə uyğun xərclənmir. Təsəvvür edin, gələcəkdə müəyyən qurum yaradılacaq, və bu vəsait doğru xərclənəcək”.
Ekspertin fikrincə, “JEK” lər ləğv olunub, yerinə yeni qurum yaradılacağı təqdirdə, burada işləyən şəxslər də yüksək maaş ala biləcək. Eyni zamanda minlərlə vətəndaş yeni iş yerləri ilə təmin olunacaq.
Vüqar Tofiqli isə düşünür ki, Mənzil-İstismar Sahələrinin kökündən ləğv olunaraq, onlara verilən maliyyənin bələdiyyələrə verilməsi daha məqsədəuyğun iş olardı. Belə olan halda yığılan pullar cəmləndiyi üçün müəyyən işlər görmək, eyni zamanda büdcəyə fayda vermək mümkün olacaq. Onun fikrincə, bu variant qəbul edilməsə belə JEK-lərin yerinə özəl şirkətlərin yaradılması və xidmət səlahiyyətlərinin onlara verilməsi vacibdir.
Semral Cavad
Xəyal İskəndərov
APA TV
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
