Kənd sakinləri torpaq suvarmağa su, heyvan otarmağa yer tapmır
Yevlaxın gözdən-üzdən iraq düşən Kolanı kəndi. Yox-yox, elə düşünərsiniz ki, hansısa ucqar dağ kəndindən, yoldan – izdən uzaq, əlçatmaz bir yaşayış məntəqəsindən danışırıq. Elə deyil. Belə demək mümkündürsə rayonun lap elə göbəyində yerləşən bir kənddən söhbət açmaq istəyirik. O kənddən ki, magistral yolun kənarında və iri su kanallarından birinin sahilində yerləşməsinə baxmayaraq bu kəndin camaatı nə torpaqlarını sulamağa su, nə heyvanlarını otarmağa örüş yerləri tapır. Özləri demişkən hara yazırlar, kimə deyirlər, eşidənlər bu qulağından alır, o biri qulağına verir.
Bu gün sizə kəndin biçarə sakinlərinin problemlərindən danışacağıq. Əslində biz yox, onlar özləri danışacaq, özü də ürək ağrısı ilə. Sakinlər deyir ki, problemlərdən bezib kənddən getmək istəyənlər də var.
Söylənənlərdən və əldə olunan məlumatlardan bəlli olur ki, kəndin otlaq üçün nəzərdə tutulmuş örüş sahələri həddən artıq məhduddur və ya yox dərəcəsindədir. Ayrı-ayrı vaxtlarda qanuni və ya qanunsuz şəkildə zəbt olunub. Elə kəndin bələdiyyə sədri Fəxrəddin Əliyev də bu məsələnin, yəni kəndin örüş probleminin mövcud olduğunu səmimi şəkildə etiraf etdi. Fəxrəddin Əliyevin məlumatına görə, minimum şərtlərdə kənd ərazisində örüş sahəsi 20 hektardan az olmamalıdır. Burda isə cəmi 2,3 və 5 hektarlıq örüş yerləri qalıb. Onun sözlərinə görə, tezliklə ərazinin elektron xəritələri hazır olacaq. O zaman qanunsuz zəbt olunma halları tam üzə çıxacaq və bundan sonra kəndlilərin örüş probleminin həlli asanlaşacaq.
Otlaqsız qalan kəndlilər ən azından pay torpaqlarını əkib biçməklə dolana bilər. Həm də öz sahələrinin otu ilə heyvanlarını yemləmək fürsəti qazanar. Amma məsələ bundadır ki, Yuxarı Qarabağ kanalının sahilində yerləşən Kolanı sakinləri illərdir normal su təminatından da məhrumdur. Məsələ ilə bağlı Yevlax Suvarma Sistemləri İdarəsinə üz tutduq.
Bu biçarə kəndlilərin həyat mənbəyi olan su probleminin həlli məsələsinə aydınlıq gətirildi. Ümid edirik ki, otlaq sahələrinin qanunsuz zəbt olunması məsələsi də yaxın gələcəkdə həllini tapar.
Ehtiram Muradov
APA TV