Kimi xilas edək: İtləri, ya sakinləri? - APA TV qeyri-adi şikayətin izində...
İstər paytaxtın mərkəzi küçə və məhəllələri, istərsə də şəhərətrafı qəsəbələrdə sahibsiz itləri görməyə adət eləmişik. Rəsmən it əlində qalmışıq. Bu da bir növ zərərli vərdişə çevrilib.
APA TV xəbər verir ki, yaxın onilliklərin elə dövrü yoxdur ki, təqvimi qarşına qoyub təsadüfi seçdiyin hansısa gündə heç olmasa, ikicə nəfəri it qapmasın. Bəzən görürsən, it nədənsə diş qıcamaq, mırıldamaq, hürmək yerinə, sakinlə xəfifcə baxışıb yoluna davam edir. Bir az da doğmalaşmışıq elə bil...
Bəs bizi bu sahibsiz itlərlə doğmalaşdıran sağolmuşlar kimlərdi? Və bu sağolmuşlar bizi hansı niyyətlə it əlində qoyub, it dilinə salıb?
Başlayaq ən sonuncu şikayət ünvanından.
Abşeron Gənclər Şəhərciyi... Ərazinin özü Binəqədi və Abşeron rayonları arasında bölündüyü kimi şəhərciyin binəva sakinləri də iki cəbhəyə ayrılıblar. Əvvəlcə, şikayətçi tərəfin dərdini öyrənirik. Məsələn, bu dayıların hamısı bir ağızdan şəhərciyin itlərdən təmizlənməsinin tərəfdarıdır. Deyirlər, ərazidə yurd salan itlər şəhərciyə gediş-gəliş vaxtlarını yay və qış saatına görə tənzimləməyi də bacarıblar. Hər adama da hürmürlər. Köhnələrlə işləri yoxdur. Böyük-kiçik yeri bilirlər. Özü də aralarında biri var ki, div kimi, hamı qorxur ondan.
Bax, indi biz həmin o çoxsaylı şikayətlərin gəldiyi Abşeron Gənclər Şəhərciyindəyik. Buralarda, deyirlər, bir dənə qara it var və biz hələlik o itin izindəyik. Çalışırıq, onu tapaq ki, həmin itin “klan”ını da tapa bilək. Görək bu quduz, sahibsiz itlər hansı tərəfdədir? Gedirik onları tapmağa.
Yerli camaatla soraqlaşa-soraqlaşa əvvəlcə itlərin daimi toplaşdığı divan yerini tapdıq. Bura əsas qərargahdır, axşam düşən kimi toplanırlar. Onların bu yığıncağını hər kəsdən çox müşahidə edən isə şəhərciyin balaca sakinləridir.
Uşaqlar bizə deyir ki, itləri çox incidirlər. Biz indi bilmirik ki, itlər ilə bağlı şikayəti həll edək, yoxsa itlərin incidilməsi ilə bağlı problemin aradan qaldırılmasına çalışaq? Çox maraqlı bir məqamdır.
Tural adlı bu ürəyidolu qardaşımız Abşeronda yaşamadığını deyir. Amma itlərin əlindən zara gəlib. Hər yolu burdan düşəndə onu dost-tanışdan əvvəl itlər qarşılayır. Hətta çəkiliş apardığımız gündən bir gecə əvvəl itlər Turalın anasına hücum da çəkibmiş: “Anam yaşlı adamdır. Gecə gələndə neçə dəfə olub ki, blokun ağzında üstünə cumub. Sarı it var burada, axsaq (görüntüləri verilir), bu gün axşam iki dəfə anama hücum edib. Yığışdırsalar, daha gözəl olardı/ Jekin müdirinə demişik ki, o “Toplan”dan gəlib yığışdırsınlar, aparsınlar. Onun da heç bir xeyiri yoxdur”.
Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq ki, həm itlərin, həm də insanların aqibəti ilə bağlı nə düşündüklərini öyrənək. Amma məlum oldu ki, heç nə düşünmürlər. Niyə bu qənaətdəyik? Deyək, siz də bilin.
İcra hakimiyyətinin nümayəndəsi Seymur Qasımov bizə söylədi ki, həmin itlər vəhşi deyillər. Lap vəhşi olsalar da, bu məsələ onları deyil, Xırdalan şəhər bələdiyyəsini maraqlandırmalıdır. Bələdiyyənin sədri Orxan Musayev isə söylədi ki, rəhbərlik etdiyi qurum bənzər problemlərə görə heç bir məsuliyyət daşımır. Əlacsız qalıb, yenidən İcra nümayəndəsi ilə əlaqə saxlayırıq. Allahın köməkliyi ilə verilən rəsmi açıqlamanı indi sizə təqdim edirik: “Bəli, həmin ərazidəki itlərlə bağlı “Toplan” sahibsiz itlərə qayğı mərkəzi ilə əlaqə saxlamışıq. Onlar da lazımi tədbirləri həyata keçirəcək. Nə vaxt olduğunu dəqiq deyə bilmərəm. Amma danışmışıq”.
Rəsmi açıqlamanı alar-almaz zəng edirik “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə. Ancaq bir neçə dəqiqə ərzində suallarımız qarşısında qoyulan cavablar kifayət edir ki, aldadıldığımızı başa düşək. Çünki mərkəzdən bildirildi ki, Abşeron Rayon İcra Hakimiyyətindən bununla bağlı onlara göstəriş verilə bilməz: “Biz yalnız Bakı Şəhərinə baxırıq və onlardan belə müraciət daxil olmayıb. Biz həmin yerin yalnız Binəqədi rayonuna düşən hissəsinə tez-tez gedib gəlirik. Sözügedən problemlə bağlı hər rayonun öz icra hakimiyyəti məsuliyyət daşıyır”, - deyə mərkəzdən qeyd edilib.
Telefon bağlantısından sonra təəccübləndiyimizi desək, yalan olar.
Mövcud problemi etiraf etmək, həllinə çalışmaq görünür, hələlik Abşeron Rayon İcra Hakimiyyətinin özü üçün də müşkül məsələdir... Amma adamın üstündə Allah var, problemin başına ip salıb sağa-sola sürütləməyi əla bacarırılar.
Mir Çingiz Ağazadə,
Kamran Namazov,
APA TV