Köhnə çaynikləri elə hala salır ki, inanmaq olmur

# 16:05
31 yanvar 2022

Çay, çaydan və ya çaynik... Gündəlik məişətdə istifadə etdiyimiz bu üç sözü eşidəndə hamımızın çay üçün ürəyimiz yanır. Çay eyni adlı bitkinin dəmlənməsi ilə əldə olunan isti içkidir. Çay qədim Çin xalqına məxsus olsa da vətənimizdə daha çox sevilir.

 

Qaynar su hazırlamaq, çay dəmləmək üçün istifadə edilən kiçik bir mətbəx ləvazimatı olan çaydanlar ilk dəfə qədim Mesopotamiyada istifadə olunub. Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqundan ola bilər. Çay sevənlərin dediklərinə görə, çay saxsı çayniklərdə dəmləndikdə daha dadlı olur. Adətən saxsı çayniklərimiz sınanda onları ataraq yenisini alırıq.

 

Amma APA TV-nin yerli bürosu xəbər verir ki, sınan çaynikləri təmir etmək də mümkündür. Bu barədə heç yerdə məlumata rast gəlinməsə də çaynikləri təmir etmək çox qədim sənət sahələrindən biridir. Otuz ildən çoxdur ki, bu işlə məşğul olan Akif İsmayılov sənətinin Ləvəçi adlandığını deyir. Onun sözlərinə görə, Azərbaycanda cəmi iki, üç usta bu işlə məşğul olur.

 

 

Akif ustanın nə iş yeri, nə də emalatxanası var.  O, bu işləri səyyar olaraq görür, 3-4 xırda aləti götürərək sifariş əsasında rayonlara gedir, kafe və çay evlərində oturaraq sınmış çaynikləri bərpa edir. Akif usta gördüyü işdən böyük zövq aldığını, bərpa prosesindən sonra sınmış çayniklərdən su sızmadığını görəndə aldığı zövq bir qədər də artdığını deyir.

 

 

O, hazırda Göyçay şəhərindəki çay evlərindən birində sınmış çaynikləri bərpa edir. Sabah isə Gəncəyə gedəcək. Akif usta gün ərzində 30-a yaxın çayniki bərpa edə bildiyini deyir.

 

 

Usta deyir ki, dəmir çərçivələrə salınaraq bərkidilən saxsı çayniklərin istifadə müddəti xeyli uzanır. Hətta bəzi çay evlərinin sahibləri mağazadan alınan yeni çaynikləri zədələnmələrdən qorumaq üçün əvvəlcə bu cür dəmir çərçivəyə salırlar.

 

Akif usta ləvəçi sənətini ata-babalarından öyrənib. O da sevdiyi bu sənətini öz oğluna öyrədir.

 


Şahnəzər Bəşirov - APA TV - Göyçay

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR