Kolleclərə verilən yeni status tələbələrə nə qazandıracaq?

# 20:24
28 oktyabr 2021

Ölkəmizdə publik hüquqi şəxs statusu alan qurumlar və təhsil müəssisələri sırasına orta ixtisas təhsili müəssisələri-kolleclər də qoşulub. Bu il oktyabr ayından etibarən 17 orta ixtisas təhsil müəssisəsi publik hüquqi şəxs statusu alıb.

 

Göründüyü kimi, qərar kolleclərə publik hüquqi şəxs statusu verməklə onları dövlət maliyyəsindən məhrum etməklə yanaşı, universitetlərin nəzdində fəaliyyət göstərmək imkanı qazandırır. Bəs orta ixtisas təhsili müəssisələrinin bu istiqamətdə fəaliyyətinin avantajları nə olacaq? Nəzərə alsaq ki ölkədə 50-dən çox orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir, bu onların gələcək taleyində hansı rolu oynayacaq?

 

Deputat Fazil Mustafanın sözlərinə görə, kolleclərə ixtisaslaşmış qruplar halında dövlət bu cür müstəqillik verməklə müəyyən imkanlarını genişləndirəcək: “Ali təhsil müəssisələrinə daxil olmaq üçün müəyyən imtiyazlı bir formada mütəxəssislərin hazırlanması və onların kollecdən aldığı qiymətləndirmə ilə ali təhsil müəssisələrinə imtahansız daxil olması, bu sahəyə marağı da artıracaqdır. Çünki əvvəllər kollecə vaxt itirmə kimi baxırdılar, birbaşa hər kəs təhsil səviyyəsi yetərli olmadığı halda, ali məktəbə dərhal üz tuturdu. Amma kollecdə müəyyən ixtisasa yiyələnməklə ali məktəbdə daha səviyyəli formada təhsil alma imkanı əldə edəcəklər”.

 

Fazil Mustafa məsələnin problemli tərəfinə də diqqət çəkir: “Bütövlükdə bunu bütün kolleclərə şamil eləməkdə problemlər yaranacaq. Daha zəruri ixtisaslar üzrə, ölkə üzrə, sənaye sahələri üçün və başqa sahələr üçün kolleclərdə dövlət dəstəyini əvvəlki qaydada artıq tutmaq lazımdır və birbaşa maliyyələndirmə sisteminə keçmək lazımdır. Yəni Təhsil Nazirliyi üzərindən yox, konkret o sahənin vacibliyi nəzərə alınaraq dövlət tərəfindən istisna olaraq maliyyələşmənin saxlanılmasının tərəfdarıyam. Bütövlükdə isə bu sahənin inkişafı üzrə publik hüquqi şəxsə çevrilməsi, maliyyə imkanlarının genişlənməsi, müəllimlərin də daha həvəslə yanaşmasına imkan yaradacaq”.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədlinin sözlərinə görə, orta ixtisas təhsil müəssisəsinin publik hüquqi şəxs statusu almasının bir neçə üstünlükləri var: “Orta ixtisas təhsilli müəssislər hansısa kursların açılmasını həyata keçirmək istəyir, məsələn İTE mütəxəssisi kursları, rabitə mütəxəssisi hazırlayır və s. Bunlar üçün qısamüddətli kurslara ehtiyac var, bu kursların açılması onda rahat olur, publik hüquqi şəxsə çevrilməsində. Onlar həmin kurslar vasitəsilə büdcələrinə əlavələr edə bilirlər. Həmin büdcə vəsaitinin idarə olunması daha rahat həyata keçirilir.

 

Nicat Məmmədli qeyd edib ki, əvvəllər həmin büdcə vəsaitləri bir neçə mərhələdən keçməklə həyata keçirilirdisə, indi daha rahat, publik hüquqi şəxslər tərəfindən reallaşdırılacaq: “Bu isə o deməkdir ki, orta ixtisas təhsilli müəssisələr üçün geniş imkanlar yaranır. Onlar ən müxtəlif əmək bazarının tələblərinə uyğun olaraq, təhsil xidmətləri həyata keçirməklə əmək bazarının tələblərini daha adekvat  ödəyə biləcəklər. Bundan başqa sertifikat da alacaqlar”.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov hesab edir ki, təhsil müəssisəsinin publik hüquqi şəxs statusu alması kolleclərə marağı artırmaqla yanaşı, onların məsuliyyətini daha da artıracaq: “Bu bir az maliyyə sərbəstliyi verəcək, publik hüquqi şəxs haqqındakı qanunvericiliyə əsasən. Eyni zamanda, Təhsil Nazirliyi ilə məsləhətləşmələr və universitetlərində statuslarına uyğun olaraq daha sərbəst qərarlar qəbul etməyə, ümumtəhsil siyasətini qorumaqla nail olacağıq. Əvvəllər təhsil müəssisələri daha çox sərbəstlik və akademik asılılığın aradan qaldırılmasını istəyirdi, bu imkanları da hökumət bizə verdi”,

 

İqtisad Universiteti nəzdində Sosial İqtisadi Kollecin direktoru Vidadi Orucov isə hesab edir ki, qərarla bağlı həmin kolleclər intellektual resurslarını, müəyyən laboratoriyalarını və ya məhsullarını bazar iqtisadiyyatının tələbinə uyğun olaraq cəmiyyətə sata biləcəklər: “Orta ixtisas təhsili müəssisələrinin səlahiyyətləri daha da genişləndi. Tədris prosesinin təşkili və idarə olunmasında, kollecin fəaliyyətinin genişlənməsində özünü göstərir. Yəni qanunvericiliyə uyğun olaraq fəaliyyət istiqamətlərimizdə tədrisi inkişafı baxımından yeniliklər edə bilərik”.

 

Ekspert Kamran Əsədov isə  kolleclərin indiyə qədərki fəaliyyətini müsbət qiymətləndirmir. O mənada ki, kolleclərin məzunları əmək bazarının tələblərinə və müasir standartlara cavab vermədiklərindən, bu müəssisələrin də fəaliyyəti qənaətbəxş sayılmır:  “Hazırda ölkədə 54 orta ixtisas təhsili müəssisəsində 57 minə yaxın tələbə təhsil alır. Etiraf edək ki, hazırda əmək bazarında, eyni zamanda istehsalatda, orta ixtisas təhsili müəssisələrinin, kolleclərin nüfuzu yoxdur. Hətta bəzən bizim orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrimiz, kollecdə təhsil aldıqlarını utandıqlarından demək istəmirlər. Çünki kollec məzunlarının işə qəbulu zamanı onların əmək haqqı belə, ali təhsilli gənclərin əmək haqqlarından aşağı olur. 2016-cı ildən kolleclərin universitetlərin nəzdinə verilməsi onlara nüfuz gətirdi, amma 2008-2019-cu illərdə təhsil haqqında qəbul edilmiş qanuna əsasən kollec məzunları da diplomunda subbakalavr yazılanlar, ali təhsil müəssisələrinə müsabiqədən kənar daxil olmaq şansı qazandı. Bu isə gənclərin kolleclərə qəbul olmaq marağını artırdı”.

 

Kamran Əsədov hesab edir ki, kolleclərin universitetlərə verilməsi müsbət hal olsa da, bu həmin təhsil müəssisələrini xilas etməyəcək. Sadəcə texniki kolleclərin, eyni zamanda subbakalavrların publik hüquqi şəxs statusu almaları onların həm idarəetmə, həm də maliyyə muxtariyyətinə stimul yaradacaq: “Bu gün Azərbaycanın bütün orta ixtisas təhsilli müəssisələrinin gəlirləri yalnız oradakı tələbələrin ödədikləri təhsil haqqlarıdır. Bu da çox ciddi bir inkişafın qarşısını alır. Yəni maliyyə muxtariyyətləri yoxdur, lazım olduqda hansısa bir tədqiqat, laboratoriya həyata keçirə bilmirlər, hər hansı bir vəsait nəşr edə bilmirlər. Publik hüquqi şəxsə çevrildikdən sonra kolleclər, müstəqil maliyyə muxtariyyətinə malik olacaqlar, onlar rahatlıqla daxil olan maliyyələri xərcləyə biləcəklər və xidmət göstərə biləcəklər. Bunun müsbət tərəfi ondan ibarətdir ki, orta ixtisas təhsilli müəssisələr əmək bazarına kadr verə biləcək”.

 

Qərarın kolleclərə yeni və müasir tədris planları və vəsaitləri qazandıracağı müsbət haldır. Nəticə isə yetişdirdikləri kadrlarda üzə çıxacaq. 

 

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR