Kür çayında üzən su taksiləri

# 13:13
28 yanvar 2022

 “Hər gün Şirvanın onlarla sakini gördüyünüz bu motorlu qayıqlar vasitəsi ilə Kürün o tayına və bu tayına keçərək xeyli yollarını qısaldır və vaxtlarına qənaət edirlər. Bir növ belə nəqliyyat vasitələrinə həm də su taksisi kimi baxmaq olar.”

Şirvan şəhərində, kür çayında üzən bu motorlu barkaslar vasitəsi ilə hər gün onlarla sakin o taydan bu taya, bu taydan o taya keçir.  Sakinlər üçün adi bir hal olsa da kənardan gələn qonaqlar üçün maraqlı, hətta ekzotik görünən bu su taksiləri rayonun Bayramlı qəsəbəsinin sakinlərinin şəhər mərkəzi ilə əlaqəsini təmin edir.

- Bu barkas çoxdan işləyir burda. Haradasa 30-40 ildir ki, işləyir. Barkasın məqsədi sakinləri körpüdən buraxmadıqlarına görə sakinləri Bayramlı adlanan yerə, pambıq zavoduna və oradan da bu taya keçirir.

- 40-50 ildir ki, işləyir bu barkas. Gözləmirik sağ olsun 5 dəqiqəyə atır o taya, qayıdır. Təmir olunsa, bundan yaxşı barkaslar verilsə yaxşı olar. Qonaq-qara da gələndə elə bil gəzintiyə çıxmış kimi gəzərsən gələrsən.

Az qala yarım əsrdən çox müddətdir ki, fəaliyyət göstərən bu barkaslarda hər hansı bədbəxt hadisənin baş verməsini xatırlayan yoxdur. Amma barkasların yenilənməsinə və təmirinə ehtiyac da var. Qayıqçı Nəriman Məmmədov deyir ki, beş ildir ki, özü müstəqil şəkildə barkas idarə edir: “Əvvəl barkasın sürücüsü rəhmətlik Əliməmməd kişinin köməkçisi olmuşam. Barkas sürməyi o vaxtdan öyrənmişəm. 1979-cu ildən qalmadı. Bir balaca təmirə ehtiyacı var. Camaat gediş-gəlişdə bundan istifadə edir. 2 dəqiqə o taya çatırsan.”

Bu nəqliyyat vasitəsindən ən çox məktəblilər razıdırlar. Onlar bir neçə dəqiqələrini sərf etməklə şəhər ərazisində oxuduqları məktəbə vaxtında çata bilirlər.

Şirvanda yarım əsrlik ənənəsi olan bu nəqliyyat vasitələri bu gün də sakinləri qət etməli olduqları 25 km məsafədən xilas edir. Sakinlərin özlərinin dediyi kimi, cəmi 30 qəpik ödəməklə həm mənzərədən zövq alıb dincəlirlər, həm də vaxt itirmədən mənzil başına çatırlar.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR