Lənkəran sakini görün İrandan nə gətirib satırmış
Lənkəran sakininin evindən 6 kiloqramdan artıq heroin aşkarlanıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samit Baxşiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Axundovdan əldə etdiyi müəyyən edilib. Sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı Elçin Axundovun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Elçin Axundovun həmin narkotik vasitəni İranda yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, 10 gün ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb. Ümumilikdə isə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı cari ilin əvvəlindən 40 kiloqrama yaxın təkcə güclü təsiredici xassəyə malik narkotik vasitə heroin qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı araşdırma aparılır.