Lənkərana yaraşmayan görüntülər: Kəndləri kim bu günə salır?

# 19:03
11 aprel 2022

Lənkəranın Tütəpeştə kəndində antisanitar vəziyyət hökm sürür.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Seydəkəran-Xolmili-Tütəpeştə yolunun kənarında  qalaq-qalaq məişət tullantıları mürgüləyir. Hər gün məktəbə, işə gedənlər bu bu mənzərəni görməli, üfunət qoxusunu ciyərlərinə çəkməli olur. Könül bulandıran bu mənzərəni bir az da qorxulu edən isə bura yığılan sahibsiz itlərdir.

Sakinlər hamısı bir ağızdan deyir ki, məişət tullantılarını bura başqa yerlərdən gətirib atırlar. Xüsusilə gecə saatlarında.  

Antisanitar vəziyyətin hökm sürdüyü ərazi Şürük kənd bələdiyyəsinin balansındadır. Odur ki, tənbəllik etməyib üz tutduq bələdiyyəyə. Oradan bildirildi ki, hər həftə ərazidə təmizlik işləri aparılır. Əlavə olaraq qeyd elədilər ki, sakinlər tullantının yığışdırılıb daşınması üçün aylıq tələb olunan 2 manatı ödəməməkdən ötrü, ya da təyin olunmuş yerə atmaq əvəzinə daha yaxında olan bu ərazini zibilləyirlər. 

Bələdiyyə sədri onu da qeyd etdi ki, çəkiliş apardığımız ərazidə bələdiyyənin antisanitar vəziyyəti aradan qaldırmaqla bağlı zibil qutuları yox, tullantılar üçün bağlı yerlər düzəltmək planı var. Sözlə işin vəhdəti üz ağlığı, baş ucalığıdır. Sakinlərin də arzusu odur ki, bu antisanitar şəraitdən canları qurtarsın.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR