Lənkəranda döyülən gəlinlə qayınananın ifadəsi alındı
Qayınananın gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində təhqiqat aparılır.
APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə bir neçə gün əvvəl Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində Qurbanovlar ailəsində baş verib.
Polis şöbəsində gəlin və qayınananın izahatı alınıb. Girdənaz Qurbanovanın dediyinə görə, işdən günorta evə gəlib və qabların yuyulmadığını görüb. O, əsəbiləşərək 31 yaşlı gəlini Rəmziyyə Qurbanovanın üstünə qışqırıb. Bu vaxt gəlin evdən çölə çıxıb, qayınana da onu tənbeh etmək məqsədilə saçlarından tutaraq döyüb. Hadisə zamanı evin yaxınlığından keçən, istintaqa hələlik məlum olmayan bir nəfər bunun videosunu çəkərək sosial şəbəkədə paylaşıb.
Döyüldüyü iddia edilən gəlin qayınanasından şikayətçi olmadığını, aralarında heç bir problemin olmadığını bildirib. İzahatları alındıqdan sonra hər ikisi sərbəst buraxılıb. Kütləvi informasiya vasitələrində qayınananın ruhi xəstə, gəlinin isə hamilə olduğu bildirilsə də, bu məlumatlar təsdiqini tapmayıb. Gəlin, Lerik rayon sakini Rəmziyyə Qurbanovanın 2 övladı var.
Hazırda polis gəlinin döyülməsi görüntülərini yayan şəxsi axtarır.