Lənkəranda iki əsrə şahidlik edən məktəb-burada monaxlar yaşayıb
Lənkəranın Qumbaşı kəndində, iki əsrə şahidlik edən məktəb binası qəzalı vəziyyətdədir.
Sənədlərdə binanın 1895 – 1896 - cı illərdə tikildiyi göstərilsə də, yaşlı nəslin nümayəndələri binanın daha qədim vaxtlarda, təqribən 1811 – ci ildə inşa olunduğunu deyirlər.
Deyilənlərə görə, əvvəllər bu binada Molokan dindarları, monaxlar yaşayıb. 1936 – cı ildə kənddə, bu binanın yaxınlığında ilk məktəb binası tikilib. Həmən məktəb binası dağıldığından, 1975 – ci ildə kənd əhalisinin səyi ilə məktəbi hazırkı binaya köçürüblər.
Daxili imkanlar hesabına burada dəfələrlə təmir – bərpa işləri aparılsa da bina əsaslı təmir olunmayıb.
Məktəbin direktor əvəzi Pərviz Əliyev APA TV – nin yerli bürosuna verdiyi məlumatda bildirdi ki, məktəb 240 şagird yerlikdir. Vaxtilə məktəbdə 250-yə yaxın şagird təhsil alıb. Məlum məsələlərdən sonra, son illərdə şagird sayı azalıb. Hazırda məktəbdə 189 şagird təhsil alır ki, onların da təlim – tərbiyəsi ilə 28 pedaqoji işçi məşğul olur.
Lənkəran – Astara Regional Təhsil idarəsindən bildirdilər ki, Lənkəran rayonunun Qumbaşı kənd tam orta məktəbi 2019 – 2023 – cü ilin tədbirlər planına salınıb. Növbəti il üçün Qumbaşı kəndində yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.