Lənkəranın sonuncu xanından gözəllik yarışının qalibi olan xanımına hədiyyə

# 15:44
5 oktyabr 2022

Lənkəranda ilk hündür mərtəbəli bina deyəndə, yada şəhərin mərkəzindəki Xan Sarayı düşür.

APA TV – nin yerli bürosu xəbər verir ki, Lənkəran xanı olan Mirəhməd Xanın həyat yoldaşının şərəfinə tikdirdiyi və dünya arxitekturasının nadir incilərindən sayılan Xan Sarayı iki əsrə şahidlik edib. Saray 1913 - cü ildə Tuğra xanımın şərəfinə 3 aya tikilib. Səbəb isə xanımın Tiflisdə keçirilən gözəllik müsabiqəsinin qalibi seçilməsi olub. 

Binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb. Tikintisində milli və avropa memarlıq elementlərindən istifadə olunub. Xan Sarayı tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib.

Şəhərin ilk çoxmərtəbəli tikilisi hazırda Tarix - Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin on minə yaxın eksponatı var.

Bəzi məlumatlarda qeyd olunur ki, Lənkəranda ilk dəfə 1908 – 1910 - cu illərdə Mirəhməd xanın evi tikilərkən, daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsilə quyudan su hamamın çəninə vurulub. Binanın 1 - ci mərtəbəsində Mirəhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, 3 - cü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.

Xan Sarayı 2013-cü ildə təmirə bağlanıb və 2 ildən sonra sakinlərin istifadəsinə verilib. Restavrasiya işləri aparılarkən binanın tarixiliyinin qorunması nəzərə alınıb.

 

 

Ilkin Rzayev

Rövşən Almazoğlu

APA TV. Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR