Liderlərin Brüssel görüşü nələri dəyişəcək?
Azərbaycan və Ermənistan rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüş hamı üçün faydalı oldu. Şarl Mişel dedi ki, Avropa münaqişə sonrası prosesdə kömək etmək istəyir. Söhbət, hələ ki, hipotetik görünən maliyyə yardımından da getmir, amma biz, Azərbaycan olaraq, regionda münasibətlərin normallaşmasına doğru atılan bütün addımları dəstəkləyirik.
Təbii ki, nəzərdə tutulanlar böyük maliyyə resursu tələb edən işlərdir. Biz təbii ki, Avropanın xoş niyyətinin göstəricisi olan sözlərdən, real işə keçəcəyini gözləyirik və münaqişə tərəfi kimi, bütün təkliflərə açıqıq..
Zəngəzurdan dəmir yolu yalnız bizə gərək deyil, çünki, o yol bütün regionun kommunikasiyasında son dərəcə əhəmiyyətli rol oynayacaq. Əsas məsələ, ötən il imzalanan üçtərəfli sazişdə nəzərdə tutulan maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Bir şeyi nəzərə alaq ki, bizim yüklərimiz Ermənistandan keçdiyi kimi, onların da yükləri Azərbaycandan keçəcək. Odur ki, bu məsələdə hər iki tərəfin qonşu mənafeyinə göstədiyi münasibət də eyni olmalıdır. Yəni, biz hansı münasibəti görəcəyiksə, onu da göstərəcəyik. Məhz bu səbəbdən Azərbaycan hər şeydən əvvəl, yolların açılmasını həqiqətən zəruri sayır, çünki, bu məsələ gələcək münasibətlərimiz üçün indikatordur.
Kommunikasiya baxımından narahatlıq doğuran məqam budur ki, Ermənistan tərəfi dəmir yolunun açılmasına heç cür mane ola bilmədiyindən, Naxçıvana aparacaq avtomobil yolunu ümumi kontekstdən çıxarmağa, onu mübahisə predmetinə çevirməyə can atır. Amma, alınacaq bir şey deyil, çünki, beynəlxalq yüklərin maneəsiz daşınması həm də, şosse yoluna aiddir və mütləq olacaq.
İndi bizim əlimizdə Ermənistanın Qarabağla əlaqəsini təmin edən “Laçın yolu kartı” var. Mən bu yola bir təzyiq mexanizmi kimi deyil, sadəcə, problemin mütləq həll olunacağının zəmanəti kimi baxıram. Məsələnin maraqlı tərəfi odur ki, yaxın illərdə Laçına çıxan Zabux yoluna alternativ xəttin çəkilməsi Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli razılaşmada nəzərdə tutulub və olacağı bəllidir. Bundan sonra, təbii ki, Laçınla bağlı nigarançılığımız da başa çatacaq, rus sülhməramlıları ərazimizdə olduqları müddətcə dislokasiya yerlərini təzə yolun ətrafına dəyişəcəklər.
Bir məsələni də, diqqətdən yayındırmayaq: beynəlxalq maraqları təmin edən Zəngəzur yolu əbədi, yalnız Azərbaycana aid Laçın yolu isə, müvəqqətidir. Hərçənd ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında da bəyan etdi ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük mexanizminin tətbiqində israr etsə, Azərbaycan da Laçın dəhlizində gömrük qoyacaq, Beləliklə, danışıqları qarşılıqlı fayda daşıyan məcraya gətirmək üçün mexanizmlərimiz boldur və biz hər iki varianta hazırıq... Amma, heç vaxt unutmayacağıq ki, bu yolların hər ikisi bizim üçün, Azərbaycandan Azərbaycana gedən yoldur.
Beləliklə, Zəngəzurla bağlı problemlərin gündəmə çıxması dolayı yolla, Qarabağdakı erməni icmasının statusu məsələsi ilə əlaqədar sualı gündəlikdən çıxarır, çünki bu məsələdə Azərbaycanın qəti mövqeyi bütün dünyaya bəllidir.
Brüssel görüşünün daha bir faydalı məqamı oldu. Avropa Azərbaycanla Ermənistan arasında demarkasiya probleminin həllinə kömək etmək niyyətindədir.
Bu arada Amerika Birləşmiş Ştatlarının dövlət katibi də, özünün Tvitter paylaşımında yazır ki, biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyirik.
Beləliklə, Azərbaycanı narahat edən məsələlər ətrafında beynəlxalq konsessus görünür. Təbii ki, bütün bunlar vaxt aparan məsələlərdir və hələ, bir xeyli çəkəcək. Amma, bizim öz işlərimiz də az deyil, elə-belə gözləmək fikrimiz də yoxdur, bütün Qarabağı dirçəltməliyik və bu sahədə hər uğurumuz qalan problemlərin uğurlu həllinə birmənalı kömək edəcək.