Mart qırğınları zamanı Hacıqabul, Salyan və Neftçalada nələr olub?

# 16:32
31 mart 2022

“Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb. Bolşevik-erməni silahlı dəstələri Azərbaycanın digər bölgələrində, o cümlədən Şamaxı qəzasının Hacıqabul raynu ərazisində, Cavad qəzasının Salyan-Neftçala bölgəsində kütləvi qətllər, basqınlar və talanlar törədiblər.”

 

1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Hacıqabul tarix-diyarşünaslıq muzeyində saxlanılan istintaq materiallarının surətlərində Hacıqabul rayonunda baş verən qətllər haqqında dəhşətli faktlar öz əksini tapıb. İstintaq materiallarından görünür ki, ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr verib. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Rayonda seyidlər kimi məşhur olan ailənin üzvləri gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq naminə özlərini kəndin nohuruna atıblar.

 

Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər tərəfindən 2 minə yaxın ev yandırılıb, 17 min iribuynuzlu, 105 min xırda buynuzlu heyvan qarət edilərək ermənilər tərəfindən mənimsənilib,  taxıl və ərzaq anbarlarını talayaraq aparıblar. 

 

Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq öldürülüb. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər qətlə yetirilib. Ümumiyyətlə, Hacıqabul rayonunda cəmi 1972 nəfər əhali qətlə yetirilib. 1080 kişi, 525 qadın, 367 uşaq vəhşiliyin qurbanı olub.

 

Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.

 

1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Bakıdan Salyana göndərilən təpədən dırnağadək silahlanmış 900 nəfərədək erməni-bolşevik dəstələri qanlı qırğınlar törədib.

 

Düşmən birləşmələri Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndəriblər. Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılıb.  Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Bu zaman köməyə gəlmiş Qafqaz İslam Ordusunun zabitləri Ömər paşa və Ramazan paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” adlı gəmini vuraraq batırıb. Bundan sonra düşmən pərakəndə halda geri çəkilib.

 

Qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 10 nəfəri Neftçalanın Bankə kəndində, Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda Türkiyə səfirliyi tərəfindən  türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Əlibəy Zeynallı

Elçin Həsənov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR