Masallı və Cəlilabadı su basdı: 39 NƏFƏR TƏXLİYƏ EDİLDİ

# 12:18
19 mart 2022

Ötən gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi müşahidə olunub, Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

 

Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikaları Masallı rayonunun Mollaoba, Bədəlan, Təzə Alvadı, Cəlilabad şəhəri və rayonunun Bəcirəvan kəndində xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

 

Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 39 nəfər təxliyə edilib. Hazırda əməliyyat davam edir.

 

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək havaların yağmurlu keçməsi, bəzi ərazilərdə intensiv xarakter alması ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyi, o cümlədən daşqın və sel təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR