Məhkəmə hakimləri üçün media ilə bağlı təlim keçiriləcək
Ədliyyə Nazirliyi tərəfindən Ombudsmanın və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib.
APA TV xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, və media mənsubları iştirak ediblər.
Dəyirmi masada əsas vəzifəsi insan hüquqlarının təmin olunması olan məhkəmə hakimiyyətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai marağın böyük olduğu qeyd olunaraq media ilə əməkdaşlığın genişləndirilməsi, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, əhalinin mütəmadi dolğun məlumatlandırılması məsələləri müzakirə olunub, təkliflər səsləndirilib.
Bildirilib ki, yaxın zamanlarda məhkəmə hakimləri üçün media savadlılığı mövzusunda təlim keçiriləcək. Təlim çərçivəsində hakimlərə media sahəsi ilə əlaqəli təkmilləşdirici məlumatlar veriləcək.