Məşhur kitab mağazasının karikaturaları nəyə hesablanıb: MƏSXƏRƏ, YOXSA MÜASİRLİYƏ?
Azərbaycanın məşhur kitab mağazalar şəbəkəsi öz feysbuk səhifəsində "Klassiklərimiz həmişə yaşayır!" devizi altında yazıçı və şairlərimizin çağdaş dövrə uyğun karikaturalarını paylaşıb.
APA TV xəbər verir ki, ilk baxışda tərəqqipərvər görüntü yaradan bu karikaturalar dolayı yolla mağazalar şəbəkəsinin reklamına yönəlib. Məsələn, Nizami Gəncəvi motosiklet rolundan yapışıb, sağlığında kitab nəşr etdirməyə imkan tapmayan Mirzə Ələkbər Sabir isə skuter üzərində dayanıb ki, balona minmiş əcnəbiləri seyr eləsin. Biz bu siyahıya Xan qızı Xurşidbanu Natəvanı da, repressiya qurbanı olmuş Hüseyn Cavidi də əlavə edə bilərik. Hətta şərqin Məsihi sayılan İmadəddin Nəsimi belə qolunda ağıllı saat, velosiped üstündə dayanıb poz verir.
Gözlənildiyi kimi bir neçə saat içində fərqli reaksiyalar gəlməyə başladı və post birmənalı qarşılanmadı. Fotoşəkillərin gah müasir olduğu, gah da dəyərləri təhqir etdiyi iddia olundu.
Ölkəmizdəki məşhur kitab mağazalarından biri öz feyzbuk səhifəsində bu formada fotolar paylaşıb. Daha çox karikaturaya oxşayır. Bu, məsələn, Mirzə Ələkbər Sabirdir. Bu, Nizami Gəncəvidir və başqaları da var. Bax, indi bizə maraqlıdır ki, bu tip dəyərli şəxsiyyətlərimizi, önəmli ədəbi-bədii insanlarımızı karikatura hədəfinə çevirmək olarmı? Ümumiyyətlə, bu yanlışdır, yoxsa müsbət bir haldır? Vətəndaşlarla bununla bağlı sorğu etdik.
- Sözün açığı, yeniliyi pis qarşılamıram. Sadəcə olaraq, hər yeniliyi də xoş qarşılamaq, xoş münasibət göstərmək olmur. Yəni, mən baxdım şəkillərə. Elə bil, yazıçılarımızı aşağılayıblar.
- Karikatura bizdə heç vaxt müsbət qəbul olunmur. Özü də mütəfəkkirlərin karikaturaları biabırçılıqdan başqa şey deyil. Bizim mütəfəkkirlərimiz tarixdə iz qoymuş adamlardır. Mütəfəkkirin karikaturasını çəkmirlər. Bu yenilik yox, sadəcə səviyyəsizlikdir.
- Yox, əlbəttə, onlar onları təhqir ediblər. Bu olmaz. Görkəmli şairlərimizdir. Mümkün deyil. Səhv işdir. Heç bir yenilik lazım deyil onlara.
- Çox pis şeydir. Ona görə ki, şairlərimiz, dahilərimizdir. Onları karikatura etmək olmaz. Bu çox pis münasibətdir. Kim edibsə, onları silsinlər. Biri motosikletdə, velosipeddə olmaz. Elə bil, kukla geyindiriblər.
Tənqid edənlərlə yanaşı fotoşəkillərin kreativ alındığını və müasir dövrə uyğun olduğunu düşünənlər az deyil. Hətta bəzi sosial şəbəkə istifadəçiləri düşünür ki, onlar dövrünün ən modern insanları olub, əgər indi yaşasaydılar da belə müasir şəkildə geyinərdilər.
Sənətşünas, rəssam Aybəniz Pənahova isə deyir ki, müasirləşmək, fərqli olmaq üçün mütləq şəkildə klassiklərimizin imicini korlamağa, onları olduğundan fərqli şəkildə təqdim etməyə məcbur deyilik: “İnkişaf, inteqrasiya etmək o demək deyil ki, biz tariximizi dəyişməliyik, tariximizin dəyərli incilərinə müdaxilə etməliyik. Zənnimcə, bu doğru deyil. Çünki bizi bu gün ayaqda tutan milli-mənəvi dəyərlərimizdir, keçmişimizdir və keçmişimizdən bizə qalan dəyərli ənənələrdir. Bəli, müasirlik, zamanla ayaqlaşmaq çox gözəldir. Bunu heç kim dana bilməz. Ancaq poeziyamız, şairlərimiz, yazıçılarımız, olduğu kimi təqdim edilib, oxunub, olduğu kimi də gələcəyə ötürülməlidir”.
Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsinin əvvəllər müəllimlər günü və homoseksual cütlüyə dair kitabla bağlı hazırladıqları posterlər də ciddi tənqidlərə məruz qalıb.
Mir Çingiz Ağazadə,
Xəqani Hüseynov,
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
