Milli Qəhrəman Murad Mirzəyevin büstü Sabirabadda ucaldılacaq

# 13:47
25 avqust 2021

Bəzən böyük bir alovun yaranması üçün bir qığılcım lazım olur. Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinə səbəb olan qığılcım isə Aprel döyüşlərindən keçir. Milli Qəhrəman Murad Mirzəyev də bu döyüşlərdə qəhrəmancasına döyüşüb, şəhid olan döyüşçülərdən biridir.

APA TV xəbər verir ki, Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, heykəltəraş Leyla Məmmədova şəhid Murad Mirzeyevin büstün hazırlayaraq, onun xatirəsini əbədiləşdirmək istəyib.

Murad Mirzəyev Aprel Döyüşləri zamanı Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdikdən sonra düşmənlə daxil olduğu qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Onu da xatırladaq ki, Murad Mirzəyev Amerikada Ranger kursunu bitirən iki azərbaycanlıdan biridir.

Akademiyada əsərin müəllifi ilə söhbətləşdik. Leyla Məmmədova deyir ki, bu əsəri hazırlayarkən qəlbində xüsusi fəxr və qürur hissi canlanıb: ”Mən düşünmürdüm ki, belə böyük marağa səbəb ola bilər. Sevinirəm ki, O, yaddan çıxmayıb, ən çoxda əsgərləri onun heykəlini görəndə çox sevindi. Demək olar ki, 90 faiz işim onun baxışlarında xarakteri tutmaq olub. Düşünmürəm ki, bunu bacarmışam. Çünki bunu alındırmaq mümkün deyil. Bu işi görərkən ən çox düşündüyüm, görəsən Murad Mirzəyev bunu görərkən nə düşünərdi?...”.

Şəhidin qardaşı bildirir ki, Murad Mirzəyevin Amerikada keçirilən Xüsusi Təyinatlıların ən çətin kursu olan Ranger kursunda iştirak etməsini şəhid olduqdan sonra bilib: ”Təkcə qardaşım olduğu üçün yox, həm də güclü kəşfiyyatçı, döyüşçü olduğu üçün düşünmüşəm ki, həmişə qəhrəmandır. Ona görə ki, Murad hərbiyə bağlı insan idi. Yəni hərbi ilə, vətən ilə həmişə ürəyi  döyünürdü. Vaxtının çoxunu bizə sərf etməsə də, vətəni üçün bütün ömrünü həsr edib”.

Onun yaxınları da hazırlanan büstün gözəl bir məkanda qoyulmasını istəyir. Murad Mirzəyev kimi bütün şəhidlərin adlarının uca tutulmasını arzu edir.


Deputat Ramin Məmmədov deyir ki, Milli Qəhrəmanın heykəlinin ucaldılması üçün Sabirabad rayonunda müvafiq plan hazırlanır. O bildirib ki, Azərbaycan xalqı öz şəhidlərinin xatirəsi daim uca tutub. “Bu gəncimizin də əl işi buna bariz nümunədir” deyə deputat qeyd edib: ”Murad Mirzəyevin büstünün kifayət qədər dəqiq hazırlanmasına diqqət çəkmək istərdim. Rəssamlıq Akademiyasının rəhbəri, Ömər Eldarova öz təşəkkürümü bildirmək istəyirəm. Eləcə də bu büstün müəllifi, Leyla Məmmədovaya öz minnətdarlığımı çatdırmaq istəyirəm ki, bu cür mövzuya müraciət ediblər. Murad Mirzəyevin baxışlarını, qəhrəmanlıqla dolu simasını və Azərbaycanın Milli qəhrəmanına xas olan, gələcək nəsillər üçün böyük bir sənət əsəri ortaya qoyublar”.

Qeyd edək ki, Rəssamlıq Akademiyasının tələbələri mütəmadi olaraq şəhidlərimizin heykəllərini hazırlayırlar. Leyla Məmmədovanın 2 həftə öncə başladığı əsərin artıq 80 faizi yekunlaşıb.


Semral Cavad
Samir Qaragözov
APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR