MİQ imtahanlarında nələrdən şikayət olunur?
“Təhsil İnstitutu müəllimlərin sertifikasiyasının ildə bir neçə dəfə keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib”.
İnstitutun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, sertifikasiya müəllimlərin işə qəbul prosesindən daha fərqlidir. Bu, hazırda sistemdə işləyən müəllimlərin yenidən imtahan olmasıdır: “Burada bir məqam ondan ibarətdir ki, əgər biz müəllimləri yenidən imtahana çağırsaq tədris prosesi yubana bilər. Buna görə də sertifikasiyanı ildə bir neçə dəfə etmək müzakirə mövzusu deyil. Hazırda fokuslandığımız ibtidai sinif müəllimləri üzrə sertifikasiya imtahanlarını təşkil etməkdir”.
Təhsil İnstitutunun rəsmisi müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanında yüksək bal toplayan namizədlərin müsahibə mərhələsindən kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nurlan İsmayılbəyli əlavə edib ki, bununla bağlı şikayətlər olur: “Müsahibə mərhələsində namizədin psixoloji hazırlığı və ya özünü təqdim etməyinə baxılır. Müəllimlər test imtahanına hazırlaşdığı kimi psixoloji olaraq da hazırlaşmalıdırlar. Çünki müsahibə zamanı 3 şəxsin qarşısında narahatlanan, həyəcanlanan şəxs auditoriya qarşısında daha çox həyəcanlanacaq. Ən əsası müəllim özünü rahatlıqla təqdim etməyi bacarmalıdır”.
“Ölkəmizdə əsas tədris olunan xarici dil fənni ingilis dilidir”- deyən Nurlan İsmayılbəyli qeyd edib ki, ən az tədris olunan dil isə alman və fransızdır. Buna görə də bu dillər üzrə imtahan verənlərin sayı azdır.
Onun sözlərinə görə, müəllimlərin işə qəbul imtahanında ən çox ibtidai sinif müəllimliyi üzrə namizədlər var. Builki imtahanda təxminən 11 mindən çox namizəd olacaq.