Nəcməddin Sadıkov 82 əsgəri “Oqnevoy meşok”a salıb öldürtdü - SABİQ MÜSTƏNTİQ AÇIQLADI

# 15:45
8 fevral 2022

I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb.

 

APA TV xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev “Kriminalqafqaz"a cinayət işinin istintaqı barədə arayış göndərib. O qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı ermənilər tərəfindən Əfqanıstanda Sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş “Oqnevoy meşok” deyilən tələyə salınaraq öldürülüb.

 

“Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib etdilər. Raportda göstərilmişdi ki, hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədov şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməyib”, - deyə arayışda qeyd edilib.

 

Kamal Əliyev həmin materiallar əsasında Talıb Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

 

İstintaq zamanı isə Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma  ittihamını irəli sürüb:

 

“İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, əməliyyatın məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması, nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat Nəcməddin Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.

 

1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt hərbi prokuror Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib onu həbsdən azad etdim.

 

Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”, – deyə Kamal Əliyev bildirib.

 

Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb:

 

“Bu hadisədən sonra işdən azad olundum. Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edildim.

 

Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi”.

 

Bundan sonra müstəntiq Kamal Əliyev Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək tutulmuş sabiq Müdafiə naziri Rəhim Qazıyevin cinayət işi üzrə istintaqı aparmaqla vəzifələndirilib.

 

Müstəntiq Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR