Növbəti qələbə yaxınlaşır: Zəngəzur dəhlizi bölgəyə nə verəcək?
Tarixi proseslərin davamı olaraq 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Zəngəzurda, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular.
Ümumilikdə Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi təkcə işğalçılıq siyasəti deyildi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Ekspertlər hesab edir ki, bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq.
Deputat Cavid Osmanov deyib ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birbaşa birləşdirən nəqliyyat dəhlizi olacaq: “Eyni zamanda bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyənin quru və dəmir yolu xətti ilə birbaşa birləşməsini həyata keçirəcəkdir. Digər bir tərəfdən komunikasiyaların açılması bölgədə yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülhün, əminamanlığın təmin olunmasında çox mühüm rol oynayacaq”
İqtisadçı Xalid Kərimli isə deyir ki, iqtisadi baxımdan bu dəhliz, nominal ÜDM-si 1,1 trilyon ABŞ dollarından çox olan türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaqdır. Bu isə türk dövlətlərin gücləndirəcək, onların beynəlxalq və regional siyasi proseslərdə iştirakını daha təsirli edəcəkdir. Eləcə də bölgə ölkələri arasında inteqrasiya proseslərini gücləndirəcəkdir.
İqtisadçı Xalid Kərimli isə mələyə belə şərh verib: “Zəngəzur dəhlizinin bərpası həm də imkan verəcək ki, həm Çindən, həm də Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya mal hərəkət etsin. Bu zaman İpək yolu xətti yenidən bərpa olunacaq. Eyni zamanda Azərbaycanın İran üzərindən Naxçıvanla əlaqəsini sıfıra endirmiş olacaq. Hazırda ölkəmiz Naxçıvana qaz vermək üçün İrana 15 faiz əlavə xərc edir”.
Zəngəzur dəhlizinin açılmasının eyni zamanda Ermənistana da öz müsbət təsirini göstərəcəyini deyən iqtisadçı hesab edir ki, Ermənistan qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər: “Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan birbaşa Rusiya ilə əlaqələrini quracaq, alternativ marşrut əldə edəcək. Ümumi şəkildə desək bu əlaqələrin bərpası sərhədyanı ticarəti, dövlətlər arası gərginliyi də aradan qaldırmış olacaq. Digər bir tərəfdən isə bu dəhlizin açılması ilə Ermənistan Türkiyə sərhədləri də açıla bilər ki, bu da Ermənistanın iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmış olacaq”.
Zəngəzur dəhlizi Rusiya üçün də cəlbedicidir. Bu dəhliz Rusiyaya Fars körfəzindən limanlara birbaşa çıxış imkanları aça və Hind okeanı hövzəsinə ticarət bağlantısını asanlaşdıra bilər. Bundan başqa dəhliz Rusiyanın Gürcüstandan asılılığını da azaldacaq. Azərbaycan üzərindən loqistik fəaliyyətini daha sərfəli şərtlərlə həyata keçirə biləcək. Bununla da Zəngəzur dəhlizi Azərbaycana və region ölkələrə dividentlər qazandıracaq.
İlahə Vəliyeva,
Faiq Həsənov,
APA TV