Ölümündən beş ay sonra ikinci övladı dünyaya gəldi

# 18:52
23 aprel 2021

Hazırda biz 44 günlük Vətən Müharibəsində şəhid olmuş çavuş Həsən Həsənovun bir vaxtlar yaşadığı evin qarşısındayıq. Bu gün şəhidimizin böyük oğlu Ömərin 2 yaşı tamam olur. Biz də APA TV kollektivi olaraq balaca Öməri təbrik etməyə gəlmişik.

 

Bu gün həm də şəhid Həsən Həsənovun ikinci övladı Həsəncamalın doğumundan 40 gün ötür. Atasının şəhid olmasından 5 ay sonra dünyaya göz açan Həsəncamalın gəlişi ailəyə böyük sevinc bəxş edib. Şəhid Həsən Həsənov müharibə başlamamışdan doğulacaq övladı üçün Camal adını seçibmiş. Amma Həsən şəhid olandan sonra ailə üzvləri belə qərara gəlib ki, yeni doğulacaq körpə Camal adı ilə bərabər, həm də atasının adını daşısın.

 

Şəhidimizin həyat yoldaşı Qəriyyə xanım deyir ki, Həsənlə fəxr edir və gələcək övladlarının da şəhid ataları kimi cəsur, qorxmaz və vətənpərvər olmasını arzulayır: “Mən fəxr edirəm ki, elə bir igiddən iki övladım var. Mən heç vaxt naşükürlük etməmişəm. Əsasən də balaca oğlum doğulandan sonra heç etməmişəm. Çünki elə bir insandan 2 övlad dünyaya gətirmək bir qadın üçün ən böyük xoşbəxtlikdir. Məncə, mən xoşbəxt qadınam ki, ömrümdə Həsən kimi bir insan olub. O, çox mərd, qeyrətli, ailəsini qoruyan insan idi. İnşallah, onun qanındakı bu hissiyyat övladlarına da keçər. Bu həyatda daha özüm üçün arzum yoxdur. Tək arzum övladlarımın atalarına layiq olmalarıdır”.

 

Şəhidimizin anası Məryəm xanımonun yoxluğu ilə barışa bilmir. Tək təsəlliləri isə bu körpələrdir: “Arzum odur ki, oğlumun balaları – Ömər, Həsəncamal ataları kimi qəhrəman, igid olsunlar. Necə övladımı qeyrətli, cəsur, böyüklərə hörmət edən, Vətəni sevən böyütmüşəm, övladları da balama oxşasın inşallah”.

 

Şəhidimizin kiçik qardaşı Rahim də Vətən Müharibəsinə könüllü qatılıb: “Şəhidin qardaşı olmaq özü bir ayrıcalıqdır. Bir yerə getdikdə, ilk onun adını eşidirəm. Şəhid Həsən Həsənovun qardaşı deyirlər. Onsuz da uşaq vaxtından qardaşımın adı ilə böyümüşəm. Mənə “Həsənin balaca qardaşı” deyirdilər. Mənə bu həyatda hər şeyi qardaşım başa salıb. Böyüklə böyük, kiçiklə kiçik olmağı öyrədib”.

 

Qayınatası Cavid Süleymanov deyir ki, şəhidimizin bizə əmanəti olan bu körpə balalar hər şeyin ən gözəlinə layiqdirlər: “Mən, əvvəla, kürəkənim Həsən də başda olmaqla bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Bu gün onun övladlarının sevincli günüdür. Mən arzu edirəm ki, onlar atalarına layiqli övlad olsunlar. Böyüsünlər, tərbiyəli, ağıllı olsunlar. Səsləri uca zirvələrdən, ali məktəblərdən gəlsin. Analarını sevindirsinlər. O cümlədən analarına dayaq dursunlar. Bu balalar sadə bir insanın övladları deyil, şəhid balalarıdır. Bunlar elə böyüməli, elə yaşamalıdırlar ki, şəhidimizin adına layiq olsunlar. Atalarının adını doğrutsunlar. Mən arzu edirəm ki, sağlam canları olsun. Layiqli, sağlam, gözəl övladlar olsunlar”.

 

Qeyd edək ki, çavuş Həsən Həsənov 2 oktyabr 2020-ci ildə cəbhənin Füzuli Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR