Özünü şəhid anası kimi təqdim edən Rajapovanın iddiaları doğrudurmu?

# 10:09
16 yanvar 2023

Sosial şəbəkələrdə Gəncə Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidi Əmrah Rajapovun anasının tapılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda özünü şəhidin anası kimi təqdim edən Gövhərcan Yaraş qızı Rajapovanın hazırda Türkiyədə-yaşadığı qeyd edilir.

APA TV əməkdaşları məsələyə aydınlıq gətirmək məqsədilə Əmrah Rajapovun böyüdüyü Gəncə uşaq evində olub. Uşaq evinin rəhbəri Nazilə İsmayılova bildirib ki, Əmrah  2012-ci ildə ana nənəsi tərəfində müəssisəyə yerləşdirilib. Nənə bildirib ki, yaşlıdır, uşağa baxa bilmir, uşağın anası isə harasa işləməyə gedib. Əmrah o vaxtdan Gəncə uşaq evində yaşayıb.

Uşaq evinin rəhbəri qeyd edib ki, Əmrah şəhid olanda anasını çox axtarıblar, bununla bağlı aidiyyəti qurumlara müraciət edilib. 

Nazilə İsmayılova bildirib ki, Əmrahın Uşaq evində yaşadığı illər ərazində onu yalnız xalası axtarıb.

Məsələ ilə bağlı şəhidin xalası Günel Rajapovanın da fikirlərini öyrəndik. O, bildirib ki, Əmrah və öz övladı imkansızlıq səbəbindən uşaq evinə yerləşdirilib. Günel Rajapova deyib ki, Əmrahla və öz övladı ilə tez-tez maraqlanıb. Hətta onları bayram günlərində özü ilə aparıb.

Şəhidin anası canlı efirlərin birində bildirib ki, Əmrah anasına şeir yazıb. Əmrahın müəlliməsi isə bildirir ki, onlar ana bala kimi olub və  Əmrah şeiri anasına yox, müəlliməsinə yazıb.

Deyilənlərlə bağlı bir daha şəhidin anası olduğu bildirilən Gövhərcan Yaraş qızı Rajapovadan da münasibət öyrənməyə çalışdıq, ancaq o, heç bir açıqlama vermək istəmədiyini bildirdi.

Qeyd edək ki, Əmrah Rajapov 2000-ci il dekabrın 12-də Goranboy rayonun Zeyvə kəndində anadan olub. 2012-2017-ci illər ərzində Gəncə uşaq evində dövlətin himayəsində böyüyüb. O məzun olduqdan sonra dövlət tərəfindən Masazır məzunlar evindən ona ev  hədiyyə edilib. Əmrah Rajapov 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatında yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən, yaxınlığına mərmi düşməsi nəticəsində həlak olub. Uzun müddət itkin kimi axtarılan Əmrah Rəcəpovun nəşi fevral 2021-ci ildə tapılıb və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. O, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR