Pakistan səfiri: “Azərbaycan Kəşmir xalqının istəyini anlayır”

# 17:49
16 sentyabr 2021

“Beynəlxalq ictimaiyyət yeni bir soyqırımın yaşanmasına icazə verməməlidir”.

 

APA TV-nin xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirdəki vəziyyətlə bağlı keçirilən brifinqdə deyib.

 

Diplomat bildirib ki, bəzi ölkələr demokratiya, insan haqları, dəyərlər barədə bizə məruzələr edir, dərs verir. Amma Hindistanın işğalında olan Cəmmu və Kəşmirdəki vəziyyətlə bağlı susqunluq nümayiş etdirir. Bu ikili standartdır", - deyə səfir vurğulayıb.

 

Pakistanlı diplomat qeyd edib ki, Hindistan tərəfi beynəlxalq təşkilatların, müşahidəçilərin bu regiona girişinə imkan vermir, Kəşmirlə bağlı yanlış xəbərlər yayır, bunun üçün Hindistan milyonlar xərcləyir.

 

Səfir Hayee Pakistanın Kəşmirin öz müqəddəratını təyin etmə hüququnu dəstəklədiyini deyib.

 

O bildirib ki, 1989-cu ildən bəri Kəşmirdə 96 min insan mühakiməsiz-məhkəməsiz öldürülüb, 162 min insan həbs olunub, onlara qarşı şiddət tətbiq olunub, 25 mindən çox insan yaralanıb, 11 250 qadın təcavüzə məruz qalıb, 23 min qadın dul, yüz minlərlə uşaq yetim qalıb.

 

Səfir deyib ki, Hindistan hökuməti Cenevrə Konvensiyasını pozaraq Cəmmu və Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır: "Bu məsələ ilə Azərbaycan da üzləşib.

Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir. Biz beynəlxalq ictimaiyyətdən, BMT və onun insan haqları ilə bağlı müvafiq orqanlarından nə gözləyirik?! Beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməlidir”.

 

Qeyd olunub ki, bütün siyasi məhbuslar azad edilməli, Kəşmirin mühasirəsinə son verilməlidir.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR