Paytaxtda ingilis layihəsinin tətbiqi uğurla davam edir

# 15:54
19 may 2021

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin paytaxtın Nərimanov rayonunda icrası uğurla həyata keçirilir.

 

BŞİH-dən APA TV-yə verilən xəbərə görə, müqavilə şərtlərinə uyğun olaraq bu il mart ayının 1-dən paytaxtın Nizami, aprel ayının 1-dən Nəsimi və may ayının 1-dən isə Yasamal rayonları da bu layihəyə qoşulub.

 

Layihənin tətbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, meydançalara yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.

 

Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və  Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin  könüllülər bu işlərə cəlb edilərək   mənzillərə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub.

 

Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasına mart ayında başlanılan Nizami rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda mart ayının ilk günlərdən 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20 ton təşkil edir.

 

Həmçinin ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR