Paytaxtdakı zibil qablarının hamısı yenilənəcək

# 18:09
25 avqust 2021

Paytaxtın müxtəlif ərazilərində zibil qablarının azlığı ilə bağlı problemlər hər zaman gündəmdə olub. Lakin bəzi hallarda tullantı üçün nəzərdə tutulan qabların özü problem mənbəyinə çevrilir. 

 

APA TV xəbər verir ki, məişət tullantılarını atmaq üçün nəzərdə tutulan bu qabların sayının normadan az olması atılan zibillərin ətrafa dağılmasına səbəb olur. Paytaxtın yeni Günəşli ilə köhnə Günəşli adlanan ərazilərinin kəsişməsində bu hala rast gəlmək mümkündür.

 

Eyni mənzərəni Həzi Aslanov metrosu ətrafında da görmək mümkündür. Ərazidəki hündür mərtəbəli binaların yaxınlığında zibil qutularının sayı yetərincə olsa da, mənzərə tam fərqlidir. Qutuların bəzilərinin qapaqları yoxdur, qapağı olanların isə açıb-örtmə mexanizmləri işləmir. Tullantıları atmaq üçün qutuların qapağını əl ilə açmaq lazım gəlir ki, bu da kəskin üfunət iyi ilə bərabər bakteriyaların yayılması baxımından real təhlükə mənbəyinə çevrilir.

 

Son dövrlər Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Bakıya Almaniya və Rusiyanın birgə istehsalı olan xeyli sayda tullantı konteynerləri  gətirilib. Bakı Şəhər icra hakimiyyətinin rəsmisi İlqar Hüseynovun sözlərinə görə, hazırda paytaxt ərazisində olan zibil qutularının yenilənməsi işləri davam etdirilir: “Hazırda bölgü ayrılıb. 220 ədəd Sabunçu rayonuna verilib. 220 ədəd isə Nərimanov rayonuna verilib. 110 ədəd tullantı konteyneri Suraxanı rayonuna verilib. Digər rayonlarında hamısına verilməsi nəzərdə tutulub. Yaxın zamanlarda hamısı yenilənəcək. İlin sonunadək hazırlıq işləri yekunlaşacaq. Gələn il Xətai və Səbail rayonları da pilot layihəyə qoşulacaq. 4 rayonda hazırda hazır da çeşidlənmə gedir. Nəsimi, Yasamal, Nərimanov və Nizami rayonlarında. Bu rayonlarında xüsusi narıncı qablar qoyulub ki, onları xüsusi ayrılan maşınlar daşıyır”.

 

Şəhər ərazisində yeni qoyulmuş, istifadəyə tam yararlı tullantı konteynerləri də görmək mümkündür. Ümid edirik ki, yaxın vaxtlarda bütün ərazilərdə olan yararsız tullantı qabları yeniləri ilə əvəz olunacaq.

 

 

Xələf Xələfov

Üzeyir Ağayev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR